AR Prezidentinin yerli istehsalın gücləndirilməsi barədə qarşıya qoyduğu tələbləri yerinə yetirmək məqsədilə AMEA rəhbərliyinin göstərişi ilə Akademiyanın əsas elmi-təcrübə bazası olan Təcrübə-Sənaye zavodunda kompleks işlər həyata keçirilmişdir. Belə ki, neft-kimya üzrə çalışan alim və mütəxəssislər yerli xammal əsasında istehsal texnologiyası ilə yeni adda sürtkü materialları işləyib hazırlamış, lazım olan normativ texniki sənədləri tərtib etmişlər.
23 fevral 2016-cı il tarixdə AMEA Təcrübə-Sənaye zavodunda bu müəssisədə istehsal olunan məhsullardan kommersiyalaşdırılma və istifadə imkanlarının genişləndirilməsi istiqamətində real işlərin görülməsi ilə əlaqədar müşavirə keçirilib. AR İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, “Bakı Metropoloiteni” QSC və s. orqanların səlahiyyətli nümayəndələri iştirak ediblər.
Öncə Təcrübə-Sənaye zavodunun direktoru Vasif Abbasov çıxış edərək müşavirə iştirakçılarına hazırda zavodda istehsal edilən və perspektivdə istehsalı nəzərdə tutulan məhsullar, onların keyfiyyət göstəriciləri barədə ətraflı məlumat verib.
AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev isə Akademiyada innovativ, elm tutumlu məhsulların sənayeyə tətbiqinə dair həyata keçirilən işlərdən söz açıb. Qeyd edib ki, bu istiqamətdə qarşıya qoyulan məqsədlər ölkəmizin idxaldan asılılığının azaldılması və AMEA-da qeyri-neft sektorunun inkişafına yönəlmişdir.
Sonra müşavirə iştirakçıları zavodun istehsal sahələrinə baş çəkərək məhsulların hazırlanma texnologiyaları, o cümlədən sənaye məhsulları və sürtkü materiallarının istehsal olunduğu müvafiq infrastrukturla tanış olublar.
Müşavirədə, həmçinin müvafiq orqanların nümayəndələri təmsil etdikləri qurumlarla AMEA Təcrübə-Sənaye zavodu arasında gələcək əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Zavodda yaxın vaxtlarda beynəlxalq İSO və OHSAS standartları üzrə Sertifikatı əldə etmək istiqamətində həyata keçirilən tədbirləri təqdirəlayiq hal kimi qiymətləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.