AMEA-nın Gəncə Bölməsində “Gəncədən başlayan dövlətçilik salnaməsi” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və onun Diyarşünaslıq İnstitutu tərəfindən təşkil olunub.
Tədbirə Bakı, Gəncə, Sumqayıt, Naxçıxan, Ağcabədi və Şabranın elmi-tədqiqat və ali təhsil ocaqları, eləcə də dövlət qurumlarından alim və mütəxəssislər qatılıblar. Konfransda, həmçinin qardaş Türkiyənin təmsilçisi, elmlər doktoru, dosent Kenan Kırkpınar da iştirak edib.
Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin AMEA-nın Gəncə Bölməsindəki büstünü ziyarət edərək, müasir dövlətçiliyimizin memarı və qurucusunun xatirəsinə ehtiramlarını bildirib, həmçinin 28 May - Müstəqillik Gününün xalqımız üçün əziz bir tarix olduğunu da yad edərək, abidənin qarşısına güllər qoyublar.
AMEA-nın Gəncə Bölməsinin konfrans zalının foyesində tarixi araşdırmalara dair nəşrlərə və arxeoloji materiallara baxış keçirilib.
Respublika konfransının plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Sonra Gəncənin tarixi haqqında qısa videoçarx nümayiş etdirilib.
Respublika konfransını giriş nitqi ilə AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev açaraq iştirakçıları salamlayıb, onun işinə uğurlar arzulayıb. O, Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin və təbliğinin bu sahədə çalışan alim və tədqiqatçılarımızın başlıca vəzifələrindən olduğunu vurğulayıb və onların elmi fəaliyyətlərini ölkəmizin qüdrətlənməsinə töhfə kimi xarakterizə edib.
Akademik Fuad Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik strategiyasının onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və dünyanın hazırki inkişaf qanunauyğunluqlarına uyğun surətdə davam etdirildiyini qeyd edib. Məhz Müzəffər Ali Baş Komandanın qüdrətli dövlət və ordu quruculuğunun təntənəsi kimi, onun rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan əsgərinin misilsiz igidliyi sayəsində torpaqlarımızın bütövlüyünün tam bərqərar olduğunu vurğulayıb.
Milli dövlətçiliyimizə tarixin müxtəlif dövrlərində Gəncə şəhərinin böyük töhfələr verdiyini vurğulayan akademik F.Əliyev bu haqda Gəncə Bölməsi tərəfindən çox sayda monoqrafiya və məqalələrin çap edildiyini qeyd edib.
Konfransın moderatoru, AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru dosent Nərgiz Rəsulova bu elmi tədbirin gedişi qaydası və texniki məsələləri haqda məlumat verib.
Gəncə şəhər İcra hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında İH başçısı Niyazi Bayramovun konfrans iştirakçılarına salam və diqqətini çatdıraraq, bugünkü elmi konfransı alimlərin və tədqiqatçılarımızın tariximizin öyrənilməsində daha bir uğuru kimi dəyərləndirib. O, AMEA-nın Gəncə Bölməsinin şəhərimizin elmi və ictimai həyatında daim fəal mövqeyini qeyd edib.
Y.Bədəlov dövlətçiliyimizin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının bu gün Prezident İlham Əliyevin müasir dünyanın tələbləri baxımından böyük uğurla davam etdirdiyini, onun Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin böyük əhəmiyyət daşıdığını bildirib və ölkəmizin daha işıqlı gələcəyi üçün hər birimizin fəal çalışmalı olduğunu qeyd edb.
Sonra konfransın məruzələrinin dinlənilməsi başlayıb.
AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin dosenti Nərgiz Rəsulova “Şərqin strateji əhəmiyyətə malik şəhəri və Şəddadilərin paytaxtı Gəncə”, Türkiyənin İzmir 9 Eylül Universitetindən tarix elmləri doktoru, dosent Kenan Kırkpınar (Türkiyə) “Türkiyə-Azərbaycan qardaşlığının tarixi kökləri”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Gəncə maarifçiliyinin Abdulla Sur səhifəsi”, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Samirə Qasımova “XIX-XX əsrlər Gəncənin təhsil tarixindən”, Bakı Ali Neft Məktəbi və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi “Arxiv sənədlərində yaşayan milli və dini kimlik: Cənubi Qafqaz müsəlman ilahiyyat irsinin Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xilası (XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid materiallar əsasında)”, Gəncə Dövlət Universitetinin baş müəllimi tarix üzrə fəlsəfə doktoru Xatirə İlyasova “Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yeri”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova “Nadir şah Əfşar: tarixi şəxsiyyətin bədii mətndə proyeksiyası (Yunus Oğuzun Nadir şah” romanı əsasında)”, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “О роли Демократической Республики в истории Азербайджана”, Bakı Dövlət Univeritetinin müəllimi tarix üzrə fəlsəfə doktoru Zəhra İslamova “Azərbaycanda vəqf mülkiyyəti (Səfəvilər dövründə)”, AMEA-nın Mərkəzi Kitabxanasının elmi katibi Şəbnəm Rüstəmova “Səfəvilər dövründə Qərbi Azərbaycanın inzibati ərazi bölgüsü (Osmanlı tapu təhrir dəftəri əsasında)”, AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun doktorantı Dəniz Əsədova “Azərbaycan hökmdarı Ağqoyunlu Uzun Həsən və onun “Qanunnamə”si”, Gəncə Dövlət Universitetinin baş müəllimi siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli “Azərbaycanın itirilmiş torpaqları və deportasiyalar” və Gəncə Dövlət Universitetinin baş müəllimi pedaqogika üzrə fəlsəfə doktoru Sabirə Bayramova “Cümhuriyyət dövrünü maarifçilərindən Hacı Kərim Sanılı” mövzularında çıxış ediblər.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Plenar iclasın sonunda məruzəçilərə sertifikatlar təqdim edilib.
Konfransın gedişi bölmələr üzrə məruzələrin dinlənilməsi ilə davam edib. Üç bölmə üzrə ümumilikdə 50 məruzə təqdim edilib.
Respublika konfransının materialları ayrıca kitab şəklində nəşr olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.