Əziz həmkarlar!
1918-ci il mayın 28-də elan edilmiş və müsəlman Şərqində ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyəti milli özünüdərkin, dövlətçilik düşüncəsinin və azadlıq ideallarının təntənəsi idi. Cümhuriyyətin qurucuları tərəfindən qısa müddət ərzində misilsiz addımlar atılmış, AXC-nin dövlət bayrağı, gerbi və himni qəbul edilmiş, xalqımızın şüurunda milli rəmzlərimiz formalaşdırılmışdır.
Müxtəlif millətlərin təmsil olunduğu ilk parlamentin təsis edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, milli ordunun formalaşdırılması, respublikada ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaradılması, Şərqdə ilk dəfə və bir çox Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın tarixində silinməz izlər qoymuşdur.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerini və siyasi irsini daim yüksək qiymətləndirmiş, AXC-nin milli dövlətçilik ənənələrimizin bərpasında roluna ali dəyəri vermiş, məhz Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə Cümhuriyyətin 80 illik yubileyi ölkə səviyyəsində geniş qeyd olunmuşdur.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin irsinə daim xüsusi önəm vermiş, onun dövlətçilik tariximizdəki və milli şüurumuzdakı roluna ali dəyər verərək 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır. AXC-nin dövlətçilik ideallarını müasir dövrdə inkişaf etdirib zənginləşdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə və antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş, dövlət müstəqilliyimiz daha da möhkəmləndirilmişdir. Bu gün müstəqil və güclü Azərbaycanın Dövlət Bayrağı bütün ölkə ərazisində qürurla dalğalanır və 107 il öncə Şərqdə günəş kimi doğan dövlətimiz yalnız regionda deyil, beynəlxalq arenada da söz sahibi kimi çıxış edir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə Qarabağın 30 ildən sonra işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təsdiq olunması müstəqil Azərbaycan dövlətinin keçdiyi çoxəsrlik inkişaf yolunun, milli dövlətçilik ideallarımızın yeni tarixi dövrdəki böyük Zəfəri və təntənəsidir.
Azərbaycan Milli Elmlər Akademiyası da hazırkı şəraitdə öz üzərinə düşən məsuliyyəti dərindən dərk edir və alimlərimiz Azərbaycan dövlətçiliyinin tarixi irsinin, bugünkü tarixi nailiyyətlərimizin və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində əzmlə çalışır, elm sahəsində ölkəmizin inkişafına öz töhfələrini verirlər.
Müstəqil dövlətçilik ideallarına və Azərbaycan Respublikasının inkişaf yoluna, Zəfərlərə həsr edilmiş tədqiqatlar Milli Elmlər Akademiyası əməkdaşlarının dövlətimiz və xalqımız qarşısındakı hesabatıdır.
Hörmətli Akademiya əməkdaşları, Sizi Müstəqillik Günü münasibətilə təbrik edir, cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.