Birləşmiş Millətlər Təşkilatının (BMT) Fəlakət Riskinin Azaldılması Ofisinin son hesabatına görə təbii fəlakətlərin səbəb olduğu iqtisadi itkilər əslində ehtimal olunandan azı 10 dəfə çoxdur. Belə ki, lokal miqyaslı, insan itkisi ilə nəticələnməyən hadisələr statistikaya daxil edilmir və nəticədə ortaya çıxan rəqəmlər gerçək mənzərəni tam əks etdirmir.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən, coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani “Cross Media”ya verdiyi müsahibəsində bildirib ki, bu sahədə elmi təhlil və qiymətləndirmələrin aparılmasında müəyyən uyğunsuzluqlar mövcuddur: “Ümumi iqtisadi itkilərin dəyişməz olaraq qalması həm şübhə, həm də sual doğurur. Çünki dünya üzrə müşahidə edilən iqlim dəyişikliyi, ekoloji təcavüzlər, ətraf mühitin deqradasiyası, səhralaşma prosesinin intensivləşməsi, təbii fəlakət hadisələrinin dövriliyinin azalması və s. bu problemlərin kəskin hal almasını bir daha sübut edir”.
Alimin sözlərinə görə rəsmi statistikada zəlzələ, sürüşmə və daşqın halları ilə yanaşı, kənd təsərrüfatına böyük zərər vuran sel hadisəsi kimi digər təbii fəlakətlər də qeyd edilməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.