Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Axşam görüşləri” proqramı Milli Qurtuluş Gününə və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunub
13.06.2025 11:03
  • A-
  • A
  • A+

“Axşam görüşləri” proqramı Milli Qurtuluş Gününə və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunub

Azərbaycan Radiosunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Budəfəki proqram 15 İyun - Milli Qurtuluş Gününə və müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunub.

Akademik Rafael Hüseynov Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrləri barədə məlumat verərək bildirib ki, Heydər Əliyev müdrikliyi, uzaqgörənliyi, çətin anlarda verdiyi düzgün və qətiyyətli qərarları ilə xalqımızın xoşbəxt gələcəyinin təməlini yaratmışdır: "Gördüyü nəhəng işlərlə, keçdiyi böyük yolla, şəxsiyyətinin əzəməti ilə Heydər Əliyev təkrarsızdır. O, bütün daxili istedadlarından əlavə, həm də mühitin, içərisindən keçdiyi zamanın övladı idi. Onu yetirmiş mürəkkəb mühit və zamansa bir daha təkrarlanması mümkün olmayan keçmişdir. Ona görə də, hətta təbiətən Heydər Əliyevin yiyələndiyi bütün qabiliyyətləri daşıyan başqa bir insan yaransa da, Heydər Əliyevin yaşadığı qədər qəliz, çoxrəngli, özünəməxsus məntiqləri olan epoxaların məktəbində dərs almadığından o şəxs heç vaxt Heydər Əliyev qədər dərin, zəngin və miqyaslı olmayacaq".

Qeyd olunub ki, zirvələr fatehi Heydər Əliyev ömrü uzunu xalq, yurd, dövlət üçün çalışıb, ömür kitabını şərəfləndirən böyük uğurlara imza atıb. Bu gün o, dünən olduğu kimi, yenə bütün Azərbaycan boyuncadır. Abidəyə çevrilərək Vətənin hər guşəsindən sevimli ölkəsini, əziz xalqını seyr edir. Ondan bizə dəyərli olan çox yadigarlar qalıb. Heydər Əliyevin bütün taleyinin, varlığının mənası sayılası ən vacib əsər onun yaratdığı yoldur. Çox seçkinlərimiz, böyüklərimiz gəlib gedəcək, çoxlu parlaq işlər də qoyacaqlar. Lakin bütün millət üçün böyük yol yaratmaq qüdrəti yalnız Heydər Əliyev kimi müstəsnaların alın yazısıdır. Azərbaycan tarixinin pozulmaz yazısında Heydər Əliyevin adı və yeri əbədi qalacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: