“Vikipediya” platformasının Azərbaycan dili bölməsində əhəmiyyətli şəkildə dəyişikliklər müşahidə olunmaqdadır.
Artıq məqalələrin sayı 205 mini keçib. Bununla yanaşı, Azərbaycan “Vikipediya” İcmasının səmərəli fəaliyyəti nəticəsində “Vikipediya”da dərinlik (keyfiyyət) göstəricisi 52-dən 53-ə yüksəlib. Müşahidələr göstərir ki, “Vikipediya”nın Azərbaycan dili bölməsi hər ötən gün zənginləşir və bu da ana dilimizdə məlumatların əlçatanlığını təmin edir. İldə milyonlarla insan Azərbaycan “vikipediya”sına müraciət edir və istədiyi məlumatları əldə etməyə çalışır.
Qeyd edək ki, bir neçə ildir AMEA institutlarının əməkdaşları üçün könüllü olaraq “Vikipediya” təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Son bir ildə isə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri təşkil edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.