Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.06.2025 09:52
  • A-
  • A
  • A+

Folklor İnstitutunun direktoru “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” kitabının təqdimatında çıxış edib

Folklor İnstitutunun direktoru “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” kitabının təqdimatında çıxış edib

Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə musiqişünas-alim Tahirə Kərimovanın Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndələrindən biri, zurna, balaban, tütək kimi nəfəs alətlərinin mahir ifaçısı, 70-dən çox rəqs havasının müəllifi Əli Zülfüqar oğlu Kərimova (Kalvalı Əli Dədə) həsr olunmuş “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev çıxış edərək kitabın elmi, mədəni və simvolik əhəmiyyətindən bəhs edib.

Çıxış zamanı Hikmət Quliyev əvvəlcə musiqi ilə folklorun vəhdətindən, onların bir-biri ilə bağlılığından bəhs edib. Onun sözlərinə görə, Aşıq yaradıcılığı və sənətini aşıqlıq ənənəsindən, ustad-şəyird münasibətlərindən, mərasim folkloru, layla, ağı, bayatı və s.-ni öz melodiyalarından, ritm və intonasiyasından, ayrı təsəvvür etmək, Amerika folklorşünası Alan Dandesin təbirincə desək, “folk”-u “lore”-dan, yəni xalqı bilikdən, biliyi isə xalqdan ayırmaq olardı. Odur ki, xalq mahnıları, xalq rəqsləri, xalq təbabəti, xalq memarlığı həm də folklorşünaslığın tədqiqat obyektidir. Çünki burada ifadə olunan bilik fərdin deyil, kollektivin düşüncəsinə əsaslanır, ənənəvidir, variantlıdır.

Alim qeyd edib ki, təqdimatına toplaşdığımız kitabın həsr olunduğu mövzu, musiqişünaslarla bərabər, folklorşünasların da diqqəti və marağındadır.

Biz bir nəfəsin, bir musiqi dalğasının, bir xalqın kollektiv yaddaşına hopmuş akustik kodların yenidən səsləndiyi bir mərasimin içindəyik. Təqdim olunan monoqrafiya sənətkarın həyat və yaradıcılığını fərdi şəkildə deyil, daha geniş – mədəni ekosistem, ifaçılıq məktəbləri və sosial kontekstlər daxilində araşdırır. Əsər musiqişünaslıqla yanaşı, folklorşünaslıq və kulturoloji yanaşmalarla da zənginləşdirilmişdir.

Alim bildirib ki, Kalvalı Əli Dədə yalnız virtuoz sənətkar deyil, həm də Azərbaycan nəfəsli musiqisinin mifik yaddaş qatlarında yaşayan arxetiplərindən biridir. Onun ifasında zurna və balaban sadəcə melodik alət deyil, xalqın emosional ritmini, estetik duyumunu və mərasim yaddaşını daşıyan akustik simvollardır. O qeyd edib ki, “Bu musiqiləri akustik kardioqramma kimi oxusaq, orada türk ruhunu, şamanlıq kodlarını, söz-səs-hərəkət vəhdətini hiss edə bilərik”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: