Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.06.2025 11:35
  • A-
  • A
  • A+

Azərbaycan və Polşa arxivləri arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və Polşa arxivləri arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Elmi irs şöbəsi beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində qürbətdə yaşayıb-yaratmış Azərbaycan elminə misilsiz xidmətlər göstərmiş Lvov Universitetinin professoru Məhəmməd Sadıq bəy Ağabəyzadənin irsini tədqiqata cəlb etmək məqsədilə Polşada mühafizə edilən sənədləri Azərbaycana gətirib.

XIX əsrin sonu - XX əsrin əvvəllərində fəaliyyətilə seçilən hərbi-siyasi xadim, Rusiya İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daxili İşlər nazirinin müavini və naziri vəzifələrində çalışıb. Azərbaycan polis sisteminin qurucusu, tanınmış şərqşünas alimin Elmi irs şöbəsi ilə Polşa Elmlər Akademiyası (PEA) və Polşa İncəsənət və Elmlər Akademiyası (PİEA) arasında əməkdaşlıq və sənədlərin mübadiləsi müqaviləsi imzalanıb. Müqavilədə, həmçinin gələcəkdə Məhəmməd Sadıq bəy Ağabəyzadənin yaradıcılığına həsr olunmuş sərgi, konfrans, seminar və elmi sessiyaların keçirilməsi qərara alınıb.

Saziş AMEA Rəyasət Heyəti Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru Zemfira Hacıyeva ilə Polşa Elmlər Akademiyası Arxivinin müdiri Adam Korczynski arasında imzalanıb.

Səfər çərçivəsində Azərbaycan alimlərindən ibarət nümayəndə heyətinin qatıldığı Məhəmməd Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyi münasibətilə düzənlənən tədbirdə Elmi irs şöbəsinin müdiri Zemfira Əli qızı Hacıyeva “Məhəmməd Sadıq bəy Ağabəyzadənin (Ağabəyov) dünya arxivlərində mühafizə edilən tarixi və elmi irsinin təsviri” mövzusunda təqdimatla çıxış edib. Məhəmməd Sadıq bəyin həyat və yaradıcılığı ilə bağlı sənədlərin Azərbaycan Respublikasının Dövlət Arxivi, AR Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arxivi, Rusiya Dövlət Hərbi-Siyasi Arxivi, eləcə də Türkiyə və İran arxivlərində (Cənubi Azərbaycan) qorunduğunu bildirən Zemfira Hacıyeva Elmi irs şöbəsində Sadıq bəyin şəxsi fondunun (fond № 45) yarandığını və mühafizə olunan sənədlərin məzmunundan söz açıb. Natiq məktubları, korrespondensiyaları, hərbçilər, diplomatlar, şərqşünaslıq elminin nümayəndələri ilə yazışmaları, o cümlədən Şərq dillərindən tərcümələr, hərbi coğrafiya, islamşünaslıq və etnoqrafiyaya aid araşdırmalar, Rus imperiyasının ordusunda xidmət etdiyi müddətdə hərbi xidmət sənədlərinin, hesabatların, xəritə və analitik arayışların, dövrün canlı salnaməsini əks etdirən xatirə və gündəliklərin, “Türkmən ləhcəsi” adlı dərs vəsaitinin (s.v. 1.9, q.1, Xəzəryanı bölgələrin türkmənlərinin atalar sözü və məsəlləri toplusu) 1919-1939-cu illəri əhatə etdiyini vurğulayıb. Xanım Hacıyeva qeyd edib ki, yeni yaradılan 45 saylı şəxsi fondun arxiv sənədlərinin 12 saxlama vahidi, 336 səhifə və 3 qutudan ibarətdir, səfərdən sonra 19 saxlama vahidi, 1400 səhifə şəxsi fonda əlavə olunub. Məhəmməd Sadıq bəyin hərb sənətini dərin elmi axtarışlarıyla birləşdirən nadir şəxsiyyətlərdən olması, Şərq geosiyasəti və İslam mədəniyyəti ilə bağlı əsərlər yazması, Qafqaz xalqlarının etnoqrafik təsvirlərini tərtib etməsi, Azərbaycanın güc strukturu polis sisteminin quruculuğundakı xidmətləri Məhəmməd Sadıq bəy Ağabəyzadənin elmi irsinin mühüm əhəmiyyətə malik olmasını sübut edən faktlardır. Məhəmməd Sadıq bəyin fəaliyyəti ilə bağlı saxlama vahidlərinin böyük maraq doğurmasının səbəblərindən biri də o dövrdə Sadıq bəyin Qarabağa və Şuşa qəzasına ağır vəziyyətlə bağlı ezam edilməsidir: “Qarabağı, Zəngəzuru, Göyçəni və digər əraziləri Azərbaycandan qoparmaq istəyən ermənilər azərbaycanlı əhalini kütləvi şəkildə qırdılar” (fond 45, s.v. 1.10 - 1.12, q. 1).

Nitqinin sonunda öz təkliflərini səsləndirən tarixçi alim müxtəlif ölkələrdə Sadıq bəyə məxsus dağınıq sənədləri birləşdirən elmi bazanın yaradılmasının, bütün sənədlərin tam toplusunun müasir elmi şərhlərlə nəşr edilməsinin, tədqiqat işlərinin akademik dövriyyəyə daxil edilməsinin vacibliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: