AMEA-nın Şəki Regional Elmi Mərkəzində dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, tanınmış ictimai xadim, dramaturq və pedaqoq, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 iliyinə həsr olunan “Üzeyir Hacıbəylinin jurnalistik fəaliyyəti” mövzusunda elmi seminar keçirilib.
Tədbir ölkə Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamına əsasən təşkil olunub.
Elmi seminarı giriş sözü ilə açan Şəki REM-in elmi işlər üzrə direktor müavini fil.e.d., dos. Kamil Adışirinov dövlət başçısının müvafiq sərəncamından irəli gələrək dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinin ölkənin hər yerində yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb. O, Üzeyir Hacıbəylinin bəstəkarlıq fəaliyyəti, mədəniyyətimizə verdiyi töhfələrlə yanaşı, zəngin publisistik irsə malik olduğunu bildirib.
Sonra Şəki Regional Elmi Mərkəzin kiçik elmi işçisi Tural Adışirinov “Üzeyir Hacıbəyli və mətbuat: jurnalistik yol” mövzusunda məruzə ilə çıxış edib.
Məruəçi Üzeyir Hacıbəylinin 1904-1920-ci illərdə publisistik fəaliyyət göstərdiyini, onun “Kaspi”, “Həyat”, “İrşad”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal”, “İttihad”, “Azərbaycan”, qəzetlərində, “Molla Nəsrəddin”, “Məktəb” jurnallarında elm, tərəqqi, təhsil və tərbiyə məsələlərinə həsr edilmiş alovlu məqalələri ilə mətbuat tariximizdə silinməz izlər qoyduğunu bildirib. O, publisistin “Azərbaycan” qəzetindəki redaktorluq və jurnalistik fəaliyyətini Azərbaycan mətbuat tarixinin mühüm mərhələsi hesab edildiyini vurğulayıb.
Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayeva “Üzeyir Hacıbəyli sənəti və onun yetirmələri: Şəfiqə Axundova fenomeni” adlı məruzəsində milli bəstəkarlıq məktəbinin bünövrəsini qoymuş sənət idealı Üzeyir Hacıbəylinin izi ilə addımlayan, muğam və mahnı dünyasında öz dəsti-xətti olan, Şərqdə ilk opera yazan qadın Şəfiqə Axundovanın keşməkeşli həyat yolundan danışıb, bəstəkarın müəllimi ilə bağlı xatirələrinə işıq tutub.
Bildirib ki, müəllifi olduğu 600-dən çox mahnı və romans, musiqili komediyalar, tamaşalara bəstələnmiş musiqilər, “Gəlin qayası” operası Şəfiqə Axundovanın fenomen bir bəstəkar, layiqli tələbə olmasının bariz nümunəsidir.
Daha sonra Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol-min.ü.f.d. Hüseyn Mustafabəyli çıxış edərək Üzeyir Hacıbəylinin böyük vətənpərvər olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan millətinin birliyinin yaranması musiqi ilə olub, bu ruhun qarşısında fəlsəfə də, ideologiya da cılız qalır. Bəstəkarın azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş yüksək mənəvi-estetik dəyərə malik irsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında misilsiz vasitədir.
Hüseyn Mustafabəyli əlavə edib ki, Üzeyir Hacıbəyli musiqisi həm dünyəvi, həm milli xarakterə malik unikal sənət abidəsidir, dünya musiqisi içərisində heç bir musiqiyə bənzəmir: “Çünki, onda tam milli ruh var, bəstəkarın “Koroğlu” uvertürasında sanki ağrılı-acılı millətin Allaha yalvarışı səslənir. Burada, eyni zamanda zəriflik, xəlqilik, aristokratlıq, incəlik, gözəllik, ali düşüncəlilik də var ki, bunlar da əsərin mürəkkəbliyini şərtləndirən əsas amildir”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.