Azərbaycan Radiosunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.
Budəfəki proqram AMEA-nın ilk təsisçilərindən olan Azərbaycanın Xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim, akademik Mirzə İhrahimovun həyat və fəaliyyətinə həsr olunub.
Akademik Rafael Hüseynov bildirib ki, Mirzə İhrahimov Azərbaycan ziyalılıq və mənəviyyat tarixinin miqyasları və çəkisi baxımından həmin alilər zümrəsinə daxil olan müstəsna simalarındandır. O, fitri istedadı, zəhmətsevərliyi və məsuliyyət duyğusu sayəsində bir kəndin deyil, millətin "Mirzə"si ola bildi. Valideynlərinin ona verdikləri sadə adı dahi sələflərinin adının yanındakı çəkisi, mənası, fəlsəfəsi ağır və qeyri-adi olan "Mirzə" zirvəsinə yüksəldə bildi.
"Siyasi burulğanlarla dolu XX əsr boyunca yaşayan Mirzə İhrahimov daim milləti, Vətəni üçün çalışdı, xalqına və yurduna ləyaqətlə, sədaqətlə, yüksək peşəkarlıqla xidmət etdi", - deyən akademik Rafael Hüseynov onun bütün fəaliyyəti ilə bütöv Azərbaycanın səadətli sabahı üçün çalışdığını diqqətə çatdırıb. Vurğulayıb ki, Mirzə İhrahimovun ömrünə Azərbaycanın üç müstəqilliyi sığışıb. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə o, uşaq olub. Cənubi Azərbaycanda milli hömumət qurulanda isə Mirzə İbrahimov həmin hadisələrdə fəal iştirak edənlərdən biri olub. Hər iki müstəqilliyin ömrü təəssüf ki, qısa olub.
Qeyd edilib ki, Mirzə İhrahimovun bütün mübarizə və çalışmalarının mənası və hədəfi haçansa yenə o istiqlalın, müstəqilliyin, azadlığın gəlməsinə təməllər yaratmaq idi. XX yüzin bitər-bitməzində Azərbaycan Respublikası yenə müstəqil oldu. Mirzə İhrahimov həmişə həsrətində olduğu bu günlərə ixtiyar, yorğun çağlarında şahid olsa da, onun ömrü istiqlal qoynundakı Azərbaycanın yeni dövr içərisində yüksəldiyini könül dolusu görməyinə macal vermədi. Məşhur əsərinə "Gələcək gün" adını vermiş Mirzə İbrahimov millətin arzusunda olduğu böyük günlərin gələcəyinə qəlbən inanırdı.
Diqqətə çatdırılıb ki, Xalq yazıçısı Mirzə İhrahimov Azərbaycan xalqına ölməz, ədəbi əsərlər bəxş edib. Onlardan biri "Böyük dayaq" romanı idi. Mirzə İhrahimov kimi şəxsiyyətlərin yaratdıqları bütövlükdə millətin ruh dayağı idi.
“Axşam görüşləri”ndə Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəyin Mirzə İhrahimovla bağlı xatirələri təqdim edilib. Həmçinin proqram boyu Mirzə İhrahimovun ömür-gün yoldaşının atası Qurban Pirimovun ifası səsləndirilib, eləcə də Mirzə İhrahimovun qızı, unudulmaz bəstəkar Sevda İhrahimovanın mahnılarından parçalar səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.