AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Bakıda keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunda çıxış edib.
O, çıxışında bugünkü beynəlxalq simpoziumun AMEA-nın 80 illik fəaliyyəti ərzində bu elm ocağının Türkiyə Elmlər Akademiyası ilə keçirdiyi ilk birgə tədbir kimi böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə ifadə etdiyi “Bir millət, iki dövlət” ifadəsi qardaş Türkiyə və Azərbaycanın birlikdə dünyaya nümayiş etdirdiyi qardaşlıq nümunəsinin, türk dünyası ölkələrinin sarsılmaz birliyinin əyani sübutudur. Eyni zamanda, bu tədbir AR Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası kontekstində xüsusi əhəmiyyətə malikdir.
Akademik İsa Həbibbəyli tədbirin Türkiyə elmi qurumları ilə mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə, yeni ortaq elmi layihələrin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İki nüfuzlu elmi qurumun – Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmlər Akademiyasının Bakıda təşkil etdiyi birgə simpoziumun digər türk dövlətlərinin elmi qurumları üçün də örnək xarakteri daşıdığını deyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikrinə istinad edən alim, Azərbaycanda uzun illər ərzində formalaşmış, zəngin ənənəyə malik türkologiya elmi və türk dünyası ilə əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
AMEA-nın bütün elmi-tədqiqat institutlarında türkologiya ilə bağlı şöbələrin yaradıldığını deyən AMEA rəhbəri, bu istiqamətdə yeni prioritet istiqamətlərin formalaşdığını, perspektivlərin müəyyənləşdirildiyini nəzərə çatdırıb. O, Türk dünyası ilə əlaqələrin dinamik şəkildə genişləndiyini vurğularaq, yeni mərhələdə Akademiyanın ilk əməkdaşlıq müqaviləsinin məhz Türkiyə Elmlər Akademiyası ilə imzalandığını xatırladıb. Bildirib ki, AMEA-nın ilk daxil olduğu beynəlxalq elmi təşkilat da Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasıdır.
“AMEA yalnız Türkiyə ilə deyil, həmçinin Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan Elmlər Akademiyaları ilə də elmi əməkdaşlıq haqqında müqavilələr imzalayıb və bu əlaqələr konkret birgə fəaliyyətlər səviyyəsində davam etdirilir”, – deyə akademik İsa Həbibbəyli əlavə edib.
AMEA prezidentinin sözlərinə görə, Azərbaycan və Türkiyə yalnız daxili siyasətdə və ikitərəfli münasibətlərdə deyil, həmçinin beynəlxalq arenada da sözün əsl mənasında birlik və həmrəylik nümayiş etdirir. O, bildirib ki, iki dövlət başçısının qarşılıqlı hörmətə, səmimiyyətə və ortaq strateji maraqlara əsaslanan münasibəti, vahid mövqedən çıxış etməsi bütün elmi qurumlar, eləcə də hər iki xalq üçün böyük örnəkdir.
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qardaş ölkənin təbii fəlakətdən ciddi zərər görmüş bölgələrindən biri olan Kahramanmaraş şəhərində baş tutan “Azərbaycan” məhəlləsinin açılış tədbirinin əhəmiyyətinə toxunub. Bu hadisənin təkcə fiziki bərpa layihəsi deyil, eyni zamanda Azərbaycan və Türkiyə arasında siyasi, mədəni və mənəvi birliyin, dərinləşən inteqrasiyanın simvolik ifadəsi olduğunu qeyd edib: “Bu, iki dövlət arasında qardaşlığın təzahürü olmaqla yanaşı, həm də türk dünyasında birliyin və həmrəyliyin güclənməsinə xidmət edən mühüm faktdır. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatları, siyasi mesajları, birlik və həmrəylik çağırışları, bu qardaşlığın hər gün, hər addımda daha da möhkəmləndiyini və davamlı xarakter daşıdığını bir daha təsdiqlədi”.
AMEA rəhbəri qeyd edib ki, Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın mənafelərini birmənalı şəkildə müdafiə edir. O, iki ölkə arasında siyasi həmrəyliyin ən yüksək səviyyədə olduğunu, Azərbaycan-Türkiyə dostluğunun bütün dünyaya nümunə kimi təqdim edildiyini bildirib. Vurğulayıb ki, bizim borcumuz hər addımda Türk dünyası ailəsinin birliyinin möhkəmlənməsinə töhfə vermək, bu prosesə elmi dəstək göstərməkdən ibarətdir. Bu gün keçirilən simpozium da Azərbaycan və Türkiyə elminin Türk dünyası birliyinə verdiyi ortaq töhfənin parlaq təzahürü kimi xüsusi əhəmiyyət kəsb edir.
Akademik İsa Həbibbəyli qeyd edib ki, tədbir çərçivəsində aparılacaq müzakirələr və əldə ediləcək elmi nəticələr beynəlxalq siyasi arenada qarşıda duran vəzifələrin müəyyənləşdirilməsində elmin rolunu, onun açdığı yolları və strateji hədəfləri aydın şəkildə ortaya qoyacaq.
AMEA rəhbəri bu simpoziumun Azərbaycan-Türkiyə elmi əməkdaşlığının möhkəmlənməsinə, çoxillik dostluq ənənələrinə əsaslanan birliyin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayaraq, bu əlaqələrin daha da inkişaf edəcəyinə, davamlı olacağına inamını bildirib.
AMEA rəhbəri, həmçinin simpoziumun materiallarının elmi məqalələr toplusu şəklində Türkiyədə kitab halında nəşr olunacağını diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.