Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Rusiya imperializmi - yaddaş və tarix” adlı beynəlxalq konfransda çıxış edib
25.06.2025 10:56
  • A-
  • A
  • A+

“Rusiya imperializmi - yaddaş və tarix” adlı beynəlxalq konfransda çıxış edib

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi Polşanın Krakov şəhərində keçirilən “Rusiya imperializmi - yaddaş və tarix” adlı beynəlxalq elmi konfransda iştirak edib.

Tarix üzrə fəlsəfə doktoru Pərvin Ahənçi konfransda “İmperiya davamlılığı: Qarabağ və Ermənistandan azərbaycanlıların didərgin salınmasında Çar Rusiyası, Sovet və post-Sovet dövrləri siyasətinin irsi” mövzusunda elmi məruzə-təqdimatla çıxış edib.

Təqdimatda Çar Rusiyası dövründən başlayaraq Sovet rejimi və post-Sovet mərhələsinə qədər Cənubi Qafqazda həyata keçirilən imperiya siyasətlərinin azərbaycanlı əhalinin məcburi köçkünlüyünə və etno-siyasi strukturun dəyişdirilməsinə necə təsir etdiyi araşdırılır. Tədqiqat Qarabağ və Ermənistan ərazisində azərbaycanlı icmaların məruz qaldığı tarixi-demoqrafik “mühəndisliyi”, Xocalı soyqırımı nümunəsində etnik təmizləmə və yaddaşın silinməsi siyasətlərini arxiv sənədləri, şifahi tarix materialları və yaddaş araşdırmaları vasitəsilə təhlil edib.

P.Ahənçi konfrans çərçivəsində regional yaddaş siyasəti, tarixi ədalət, muzeylərdə təmsiletmə və postmünaqişə cəmiyyətləri üzrə keçirilən müzakirələrdə də fəal iştirak etmiş, Azərbaycan alimlərinin baxışlarını beynəlxalq elmi auditoriyaya təqdim edib.

Konfrans Polşanın Krakov şəhərində yerləşən Milli Təhsil Komissiyası Universitetinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycan, Almaniya, Böyük Britaniya, Braziliya, Polşa, Litva, Ukrayna, Macarıstan, Çexiya, Gürcüstan, Rumıniya və Hindistan kimi ölkələri təmsil edən alimlər, tədqiqatçılar və ekspertlər iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: