Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

01.07.2025 09:37
  • A-
  • A
  • A+

Akademik Cəlal Əliyev: Fundamental elmlə praktikanın unikal vəhdəti

Akademik Cəlal Əliyev: Fundamental elmlə praktikanın unikal vəhdəti

Tarixdə elə insanlar olmuşdur ki, onların bütün varlığı, ömürlərinin hər anı aid olduqları xalqın tərəqqisi və rifahı, elmin və təhsilin təşəkkül və inkişafı, dövlətin qüdrəti və milli ideyanın taleyi ilə eyniyyət təşkil edir. Tarix belə insanları yüksəldir, onların düşüncələri zamanın sərhədlərini aşaraq öz xalqının və eləcə də bəşəriyyətin gələcəyinə yol açır. Böyük alim və müəllim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyev məhz bu cür nadir şəxsiyyətlərdən idi. O, elmin təmizliyi və elmi həqiqətin təntənəsi prinsiplərinə sədaqət hissi ilə yaşanmış bütün həyatı və yaradıcılığı ilə elm və təfəkkürün dərinliyinə varmışdı. Bu böyük şəxsiyyətin adı, parlaq əməlləri, tükənməz enerjisi ilə yaratdığı, bu günün və gələcəyin tələblərinə və çağırışlarına cavab verən elmi sistemin fəlsəfəsini, məhək daşını təşkil edir.

Cəlal Əliyev fenomeni yalnız ictimai-siyasi və akademik titullarla ölçülə bilməz. O, Azərbaycanın müstəqillik tarixinin ən zəruri anlarında sanballı fikir sahibi, elmi istiqamətverici, siyasi əqidəli vətəndaş və milli ideya daşıyıcısı olmuşdur. Onun formalaşdırdığı elmi məktəb 1970-ci illərdən etibarən Azərbaycanın biologiya və aqrar elmlərinin dünya səviyyəsində inkişafına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, biomüxtəlifliyin və onun genetik ehtiyatlarının qorunub saxlanılmasına və səmərəli istifadəsinə, hər adamın görə bilməyəcəyi gələcəyin yüksək texnologiyalarına əsaslanmış mükəmməl bir modeldir. Bu məktəbin ən orijinal cəhəti Ümummilli Lider Heydər Əliyev tərəfindən çox yüksək qiymətləndirilən bir ideyaya - fundamental elmlə tətbiqi-innovativ sahələri birləşdirən vahid bir mexanizmə əsaslanmasıdır.

Böyük alim tərəfindən və elmi rəhbərliyi ilə yaradılan buğda sortları yalnız ərzaq təhlükəsizliyinə deyil, həmçinin kənd təsərrüfatı elminin strateji inkişafına və nüfuzuna verilmiş dəyərli töhfələr kimi qiymətləndirilməlidir. Əgər bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ərzaq təhlükəsizliyi, iqlim dəyişmələrinə adaptasiya, qlobal "yaşıl gündəm"lə ayaqlaşmaq məsələlərində söz sahibi olmaq yolunda inamlı addımlarla irəliləyirsə, bu yolun başlanğıcında akademik Cəlal Əliyevin elmi və elmi-təşkilati fəaliyyəti də mühüm rol oynayır.

Tarix təkcə siyasi bəyanat və hərəkətlərlə deyil, həm də elmi ideyalar və onların gerçəkləşdirilməsi ilə yazılır. Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri olan 1990-cı illərin əvvəllərində ölkə qlobal miqyaslı siyasi Liderlə yanaşı, eyni zamanda elmin kəşməkeşli yollarında sarsılmaz mövqeyi ilə seçilən, həqiqətə və haqqa arxalanan fikir sahiblərinə ehtiyac duyurdu. Akademik Cəlal Əliyev bu ağır illərdə xalqın qarşısında təkcə alim kimi deyil, həm də müdrik vətəndaş məsuliyyəti ilə dayanmışdı. Ümummilli Lideri müstəqil Azərbaycanın istisnasız və yeganə xilaskarı kimi dəstəkləyən böyük alim Azərbaycan həqiqətlərinin müdafiəsi uğrunda mübarizədə fikri, mövqeyi, qətiyyəti ilə ön cərgədə dayanmış, xalqın intellektual gücünün səfərbər olunmasında səylərini əsirgəməmişdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına qədərki dövrdə Cəlal müəllim həm siyasi təzyiqlərə, həm də şəxsiyyətinə qarşı yönəlmiş təxribatlara sinə gərərək, iradəsinin möhkəmliyi və haqqa bağlılıqla millətə sədaqətin əyani nümunəsinə çevrilmişdi. Ən ağır günlərdə belə, o, elmi fəaliyyətindən geri çəkilməmiş, elm naminə, insanlıq və dövlət naminə mübarizəsini bir an belə dayandırmamışdı.

O illərdə keçirilən elmi və ictimai tədbirlərdə etdiyi çıxışlarda irəli sürdüyü ideyalar akademik Cəlal Əliyevin ensiklopedik təfəkkürünün genişliyi, dərin analitik dünyagörüşü, fəlsəfi ümumiləşdirmə qabiliyyəti və intellektual prinsipiallığının bariz göstəriciləri idi. Akademik Cəlal Əliyev elmə ümummilli inkişafın başlıca dayağı kimi baxır, onun ictimai funksiyasına da xüsusi önəm verirdi. Görkəmli alimin sadə, lakin dərin məzmunlu bir fikri onun elmi və şəxsi dünyagörüşünü tam əks etdirir: "Elmlə məşğul olan insanın əsas məqsədi həmişə irəliyə baxmaq, yeni sahələri inkişaf etdirmək, ideyalar irəli sürməkdir".

Bu, Cəlal müəllimin həyat manifesti idi. Azərbaycan elminin korifeyi bu fikirlərlə yaşayır, onları həyata keçirir və ideyaları gələcək nəsillərin yollarına parlaq işıq kimi saçırdı.

Böyük alimin elmi yaradıcılığının ilk mərhələsi - 1950-1970-ci illəri əhatə edən dövr onun təbiətə, proseslərə və canlı sistemlərə dərin fəlsəfi yanaşmasının formalaşması ilə xarakterikdir. Bu illərdə Cəlal müəllim kənd təsərrüfatı bitkilərində, xüsusilə də dənli bitkilərdə baş verən fizioloji və biokimyəvi prosesləri, onların mühit amilləri ilə qarşılıqlı təsirini, mikroelementlərin məhsuldarlığa təsirini və günəş enerjisindən istifadənin bioloji faydalılıq dərəcəsini kompleks şəkildə tədqiq etmişdir.

Cəlal müəllimin apardığı tədqiqatlar fotosintez prosesinin kənd təsərrüfatında məhsul artımı baxımından optimallaşdırılması məqsədi daşıyırdı. Gənc alimin o dövrdə formalaşdırdığı ideyalar 1971-ci ildə müdafiə etdiyi "Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı" mövzusunda elmlər doktorluğu dissertasiyasında geniş və sistemli şəkildə öz əksini tapmışdır. Həmin vaxtlardan başlayaraq, Cəlal müəllimin rəhbərliyi ilə Azərbaycanda kənd təsərrüfatı biologiyası və seleksiya elminin tamamilə yeni fəlsəfəsi formalaşmağa başlamışdır. Cəlal müəllim zəngin genetik müxtəlifliyə, dərin eksperimental təcrübəyə və elmi prinsiplərə əsaslanaraq intensiv, yüksək keyfiyyətli sortların yaradılmasına imkan verən seleksiya modelini təklif etmiş və gerçəkləşdirmişdi. Onun qurduğu model fundamental biliklərlə sahə təcrübəsinin elə bir vəhdətini yaratmışdı ki, bu yanaşmanın oxşarı həmin dövr üçün nəinki Azərbaycanda, hətta dünyada nadir hesab olunurdu. Akademikin əsas götürdüyü elmi yanaşmanın nüvəsində fotosintetik əlamətlərin irsi ötürülməsi, genotiplərin donor xüsusiyyətlərinin dəyərləndirilməsi və ən əsası isə "ideal tip" buğda sortlarının formalaşdırılması dayanırdı. Akademik Cəlal Əliyev sübut etmişdi ki, məhsuldar və davamlı sortların yaradılması yalnız morfofizioloji əlamətlərin deyil, həm də fotosintez göstəricilərinin genetik əsaslı təhlili ilə mümkündür.

Onun rəhbərliyi ilə aparılan çoxillik tədqiqatlar nəticəsində "ideal buğda" modeli formalaşdırıldı. Akademik Cəlal Əliyevin tərtib etdiyi bu seleksiya yanaşması səmərəli fotosintez - sabit morfologiya - aqronomik optimallıq zəncirini təmin edir.

Cəlal müəllim yalnız mövcud biliklərlə kifayətlənməyən, daim elmi üfüqləri genişləndirməyə çalışan əvəzsiz alim idi. Onun təşəbbüsü və rəhbərliyi ilə molekulyar biologiya, molekulyar genetika, hüceyrə və gen mühəndisliyi kimi o dövr üçün yeni sahələr Azərbaycanda tədqiqat predmetinə çevrilmişdi. Bu elmi istiqamətlərin yaradılması və dünyanın qabaqcıl elmi mərkəzləri ilə inteqrasiya edilməsi Cəlal Əliyevin elm təşkilatçılığı sahəsindəki uzaqgörənliyinin nəticəsi idi.

1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilən Cəlal Əliyev 1981-1990-cı illərdə Akademiyanın Biologiya Elmləri Bölməsinin akademik-katibi kimi elmin prioritetlərini düzgün müəyyənləşdirmək, kadrların inkişafını sistemli şəkildə təşkil etmək və Azərbaycan elmini beynəlxalq müstəviyə çıxarmaq istiqamətində böyük işlər görmüşdür. Onun təşkilati fəaliyyəti nəticəsində Azərbaycan alimləri dünyanın nüfuzlu elmi təşkilatları ilə əməkdaşlıq etməyə başlamış, ölkə daxilində isə multidissiplinar yanaşmalara əsaslanan yeni elmi strukturlar formalaşmışdır.

Akademik Cəlal Əliyevin ən həssas şəkildə, xüsusi məhəbbət və nisgillə yanaşdığı məsələlərdən biri də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Qarabağın bütün sərvətləri, mənəvi dəyərləri idi. Akademik çıxışlarında işğalın yalnız torpaq itkisi kimi deyil, həm də milli kimliyimizin, elmi və mədəni irsimizin məhv edilməsi kimi qiymətləndirmişdi. Hər şeydən əvvəl, bu ərazilərdə onun rəhbərliyi ilə fəaliyyət göstərən seleksiya stansiyaları, tədqiqat bazaları, qiymətli eksperimentlərin qoyulduğu sahələr də yerləşirdi. İşğaldan öncə, həqiqi və məcazi mənada desək, Qarabağın hər yerindən Cəlal müəllimin yaratdığı buğda sortlarının ətri gəlirdi. Ermənistanın işğalı 1 milyon insanı qaçqın halına salmaqla, onları bu doğma torpağın və müqəddəs çörəyin ətrindən də məhrum etmişdi. Qarabağa Elmin Böyük Qayıdışı, regionda müasir texnologiyalarla yeni elmi tədqiqatların, seleksiya proqramlarının həyata keçirilməsinə başlanması bu gün Cəlal müəllimin ideyalarının yeni mərhələyə qədəm qoyması, yenidən çiçəklənməsi deməkdir.

Bütün varlığını elmi həqiqətin aliliyinə, bilik və düşüncə təmizliyinə həsr edən akademik Cəlal Əliyev yalnız bir tədqiqatçı deyildi, həm də, elmə mənəvi tələbi olan, onu ideya səviyyəsinə qaldıran şəxsiyyət idi. Görkəmli alimin elmi yaradıcılığı, həyat strategiyası və intellektual yol xəritəsi "yaşıl dünya"nın təməl daşı olan fotosintez prosesinin ən incə qatlarını anlamağa, bitkilərin həyat ritmini molekulyar mexanizmdən başlayaraq bütöv aqrosistem miqyasına qədər izləməyə yönəlmişdi. O, fotosintezi yalnız enerji çevrilməsi kimi deyil, həyatın bioloji fəlsəfəsi kimi dərk və tədqiq edirdi.

Akademik Cəlal Əliyev nadir istedadı, dərin təfəkkürü və prinsipial xarakteri ilə təkcə Azərbaycan elminin deyil, beynəlxalq biologiya və aqrar tədqiqatlarda diqqət mərkəzinə çevrilmişdi. Böyük alim intellektuallıqla zəhmətkeşliyi, erudisiyası ilə müşahidə qabiliyyətini, analitik düşüncə ilə mənəvi bütövlüyü özündə birləşdirən əsl elm fədaisi idi. Onun fotosintez və fototənəffüs proseslərinə dair apardığı araşdırmalar təkcə elmi çevrələrdə deyil, həm də qlobal strateji düşüncədə əhəmiyyətli rol oynamışdır.

Cəlal müəllimin multidissiplinar yanaşması nəticəsində "yaxşı fotosintez" anlayışına yenidən baxılmış və dərk olunmuşdur. Bitkilərin məhsuldarlığını artırmaq üçün fotosintezin səmərəliliyinin optimallaşdırılması ilə bağlı ortaya qoyduğu ideyalar bu gün kənd təsərrüfatında yüksək və keyfiyyətli məhsul almağa yönəlmiş yeni texnologiyaların elmi əsaslarını təşkil edir.

Uzun illər fototənəffüsün bitki məhsuldarlığını azaltdığı düşüncəsi ilə bu prosesi süni şəkildə məhdudlaşdırmağa yönəlmiş cəhdlərin elmi əsassızlığını sübut edən Cəlal müəllimin bu nəticəsi dünya elminə qızıl hərflərlə yazılan yenilik oldu.

Bu tədqiqatlar nəticəsində alınan fundamental elmi nəticələr yalnız elmi məqalələrlə məhdudlaşmadı. Onun 2011-ci və 2013-cü illərdə Bakıda keçirilən "Davamlı inkişaf naminə fotosintez tədqiqatları" mövzusunda beynəlxalq konfranslarda təqdim etdiyi plenar məruzələr dünya alimləri tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Cəlal Əliyevin fotosintezə yanaşması sadəcə bir fizioloji hadisəni izah etmək deyildi, akademik həyatın kodunu oxuyur, onu məhsuldarlıqla, enerji çevrilməsi ilə və ekosistemlərin sabitliyi ilə əlaqələndirirdi. Bu konsepsiya 2024-cü ildə Bakıda böyük uğurla baş tutmuş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), digər beynəlxalq platformalarda təqdim edilən "yaşıl enerji" və "ağıllı kənd təsərrüfatı" kimi yanaşmaların elmi əsaslarına çevrilmişdir.

Akademik Cəlal Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq fotosintetik parametrlərin seleksiyada əsas göstərici kimi tətbiqinə başlanılmış, fotosintezin riyazi modelləşdirilməsi və modern analiz metodları da daxil edilməklə müasir yanaşmalar qurulmuşdur. Bu gün həmin sistemlər rəqəmsal texnologiyalar, süni intellekt və maşınöyrənmə modelləri ilə zənginləşdirilərək davam etdirilir.

Akademik Cəlal Əliyevin elmi irsində seleksiya fəaliyyəti genefondun toplanması, öyrənilməsi, mühafizəsi və səmərəli istifadəsi ilə yanaşı, mövqe tutur. Böyük alimin rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində minlərlə buğda nümunəsindən ibarət zəngin genefond yaradılmışdır.

Bu zəngin genetik fond bu gün də akademik Cəlal Əliyevin təşəbbüsü ilə yaradılmış AR ETN Genetik Ehtiyatlar İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Genbankda, AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və digər tədqiqat mərkəzlərinin kolleksiyalarında qorunub saxlanılır. Onun tədqiqi və istifadəsi müasir dövrdə aparılan seleksiya və bitki genetikasının fundamental dayaq nöqtələrindəndir.

Cəlal Əliyev tərəfindən əsası qoyulan bu zəngin genetik ehtiyat bazası əsasında 60-dan çox, o cümlədən Qaraqılçıq-2, Mirbəşir-50, Vüqar, Tərtər, Əlincə-84, Şiraslan-23, Bərəkətli-95, Ruzi-84, Tale-38, Əzəmətli-95, Qiymətli-2/17, Qobustan kimi onlarca yüksək məhsuldar, plastik, xəstəliklərə və iqlim dəyişmələrinə davamlı buğda sortları yaradılmış və respublikanın müxtəlif aqroiqlim zonalarına uyğunlaşdırılmışdır.

Seleksiya proqramlarının yerinə yetirilməsi zamanı Cəlal müəllim hər zaman fizioloq, biokimyaçı, genetik, seleksiyaçı və fitopatoloqların birgə fəaliyyətini vacib sayırdı. Onun yaratdığı bu çoxşaxəli əməkdaşlıq modeli bu gün də seleksiya sahəsində innovativ yanaşmaların əsasını təşkil edir. Elmi yanaşma ilə tarla praktikasının inteqrasiyası Cəlal Əliyev məktəbinin əsas differensial cəhətidir. Bu yanaşma sayəsində yaradılan sortlar bu gün də həm məhsuldarlığı, həm keyfiyyət göstəriciləri, həm də genetik dayanıqlığı ilə seçilir.

Akademik Cəlal Əliyevin elmi irsində biomüxtəliflik anlayışı xüsusi yer tuturdu. Onun əsərlərində, çıxışlarında Azərbaycanın canlı aləminin zənginliyi yalnız ekoloji və ya bioloji deyil, həm də milli təhlükəsizlik və beynəlxalq miqyasda təsiredici amil kimi təqdim olunurdu. Görkəmli alim biomüxtəlifliyi "bəşəriyyətin canlı irsi" adlandırmış və xüsusilə mədəni bitkilərin yabanı əcdadlarının qorunmasını prioritet vəzifə kimi müəyyənləşdirmişdi.

1995-ci ildə onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycanın Bitki Genetik Ehtiyatlarına dair ilk Milli Proqram hazırlanaraq BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatına (FAO) təqdim olunmuşdu. Bu proqram beynəlxalq ekspertlər tərəfindən o qədər yüksək qiymətləndirildi ki, Azərbaycan bu sahədə qabaqcıl dövlətlər sırasında yer aldı.

Genetik ehtiyatların qorunması üçün ekspedisiyalar zamanı toplanan, laboratoriyalarda təhlil olunan və milli genbanklarda saxlanılan minlərlə unikal nümunə bu gün və gələcəkdə Azərbaycanın ərzaq təhlükəsizliyinin strateji zəmanətlərindən biri kimi ortaya çıxır. Onun bu mövzuya dair yazdığı "Bioloji müxtəliflik bəşəriyyətin sərvətidir" adlı məqalə Azərbaycan elminin müvafiq problemlərlə bağlı ilk addımlarından biri hesab edilə bilər. Cəlal müəllim yazırdı: "Dünyada hər gün 100-ə yaxın canlı növü məhv olur, lakin insan bu itkini hiss etmir. Əvəzində isə bəşəriyyət itirdiyi genetik informasiyanın nəticəsində yeni-yeni xəstəlik, aclıq və digər təhlükəli hallarla qarşılaşır". Bu yanaşma dövrümüzdə COP29 və digər beynəlxalq ekoloji forumlarda səsləndirilən ideyaların da elmi əsaslarını təşkil edir.

Azərbaycan Respublikasının müstəqilliyini və suverenliyini möhkəmləndirən elmi, intellektual və mənəvi dayaqlar sırasında Cəlal Əliyev elmi məktəbi özünəməxsus yer tutur. Bu məktəb yalnız laboratoriya divarları arasında qalmamışdır, o, fotosintezdən seleksiyaya, bioinformatikadan omikslərə, insan kapitalının inkişafından milli suverenliyin təməl daşlarına qədər geniş bir sahəni əhatə edir. Cəlal müəllimin elmi yanaşmaları bu gün süni intellekt və maşınöyrənmə alqoritmləri ilə davam etdirilir, onun səpdiyi ideya toxumları "yaşıl enerji"li, dayanıqlı gələcəyə doğru böyüyür.

Cəlal müəllim hələ ötən əsrin sonlarında kompüter biologiyası, riyazi modelləşdirmə kimi anlayışların elmə daxil olacağını əvvəlcədən görür, onları seleksiya ilə birləşdirərək ölkədə yeni texnologiyaların tətbiqinə zəmin yaradırdı. Əlamətdar və qürurverici faktdır ki, bu gün tanınmış nüfuzlu xarici və yerli elm və təhsil müəssisələrində, o cümlədən AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəaliyyət göstərən laboratoriyalarda genom və postgenom texnologiyaları, rəqəmsal gen bankları və omikslərlə işləyən gənc alimlər məhz böyük müəllimin məktəbinin davamçılarıdırlar.

Akademik Cəlal Əliyevin birbaşa rəhbərliyi və elmi məsləhətçiliyi ilə 15 elmlər doktoru və 81 elmlər namizədi hazırlanmışdır. Bu alimlərin əksəriyyəti sonradan elm dünyasında öz sözünü demiş, bir çoxu ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsveç, Kanada, Almaniya kimi qabaqcıl ölkələrin nüfuzlu universitet və elmi-tədqiqat mərkəzlərində çalışaraq, həm Cəlal Əliyev məktəbinin ideyalarını, həm də Azərbaycan elmini beynəlxalq səviyyədə ləyaqətlə təmsil etmişlər.

Cəlal Əliyev məktəbi yalnız ötən dövrə aid deyil, bu məktəb indi də yaşayır, inkişaf edir və dünyaya Azərbaycan elmini tanıdır. Daha mühüm cəhətlərdən biri də odur ki, məktəbin davamçılarından bir çoxları dünyanın müxtəlif ölkələrində elmi və pedaqoji fəaliyyət göstərsələr də, Vətənlə mənəvi bağlarını itirməmiş, Böyük Müəllimlərinin daim təbliğ etdiyi əxlaqi prinsiplərə və elmi məsuliyyətə sadiq qalmışlar.

Məktəbin yeni nəsil nümayəndələri artıq müasir omiks texnologiyaları, süni intellekt və molekulyar diaqnostika sahələrində də ad qazanırlar. Bu baxımdan Gülnar Abdullayevanın adı xüsusi vurğulanmalıdır. O, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasının məzunu olaraq Oksford Universitetində Onkologiya üzrə doktorantura təhsilini uğurla tamamlamış, fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmiş, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin gənclər üçün mükafatına layiq görülmüşdür. Hazırda Postdok kimi Universitetdə çalışmalarına davam edən Gülnar Abdullayevanın tədqiqatları vaksin hazırlanması ilə bağlı böyük ümidlər verir.

Azərbaycan elminə əvəzsiz töhfələr verən elm təşkilatçısı kimi böyük şöhrət qazanmış akademik Cəlal Əliyevin bütün həyatını həsr etdiyi qiymətli əmanəti və yadigarı olan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu onun elmi məktəbinin ata evidir desək, yanılmarıq.

İnstitutun gənc alim və mütəxəssisləri dünyanın lider elmi mərkəzləri - Montpellier, Oksford, Gent, Kyung Hee, Delaver, Pusan, Qrenobl, eləcə də Kembric, Fraunhofer, Bonn, Osnabruk, Ankara, Melburn, Brisbon və digər universitetlərlə əməkdaşlıq əlaqələri saxlayır, onların bir çoxunda təhsil alır, təcrübə keçir, tədqiqatlarda iştirak edirlər. Bu əməkdaşlıqlar sayəsində institutun doktorantları beynəlxalq layihələrdə yer almaqla çoxmillətli komandalarla çalışır, müasir elmi metodikaları mənimsəyir və tətbiq edirlər.

12 iyun 2025-ci il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA), Osnabruk Tətbiqi Elmlər Universitetinin Bitkilərin Seleksiyası Departamenti və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunan "Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması" mövzusunda beynəlxalq elmi konfransda və iyunun 13-də AR KTN Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında gerçəkləşən tarla seminarında akademik Cəlal Əliyev məktəbinin nümayəndələri bir araya gələrək, qlobal miqyasda böyük əhəmiyyət kəsb edən dayanıqlı ərzaq təminatı məsələlərini müzakirə etmişlər. Çağdaş texnologiyaların kənd təsərrüfatında tətbiqinin genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayan beynəlxalq konfrans və tarla seminarı kənd təsərrüfatı sahəsində tədqiqatlara təkan vermək baxımından da mühüm əhəmiyyət kəsb etmişdir.

Akademik Cəlal Əliyev elmi informasiya və rəqəmsal texnologiyalar sahəsinə böyük maraq göstərən nadir alimlərdən idi. O, hələ 1980-ci illərdə biologiyanın riyazi modellərlə zənginləşdirilməsini zəruri sayır, kompüter biologiyası və bioinformatikanı Azərbaycan elminin yeni üfüqləri kimi qiymətləndirirdi.

Bu gün Azərbaycanda bioinformatika, omikslər, molekulyar diaqnostika, gen mühəndisliyi, süni intellektlə dəstəklənən seleksiya modelləri artıq reallığa çevrilmişdir. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu istiqamətdə fəaliyyət göstərən laboratoriyalar, müasir elmi avadanlıqlar, doktorantura proqramları və beynəlxalq əməkdaşlıq memorandumları ilə formalaşmış kadr bazası Cəlal Əliyevin qoyduğu təməllərin üzərində inkişaf edir.

Onun "elm gələcəyə baxmaqdır" fikri bu gün daha real səslənir. Elmə artıq təkcə eksperimental araşdırma kimi baxılmamalıdır, o, həmçinin tədbirli strateji düşüncə, milli təhlükəsizlik, ərzaq və iqlim siyasəti, rəqəmsal suverenlik məsələlərini də ehtiva etməkdədir.

Akademik Cəlal Əliyev yaradıcılığının təməlində dayanan elmi dəyərlər Azərbaycanın elm tarixinin mühüm məqamları və xalqımızın milli sərvəti hesab edilir. 800-ə yaxın elmi əsər, o cümlədən 25 fundamental monoqrafiya və kitab, 20 müəlliflik şəhadətnaməsi və yaratdığı yüksək keyfiyyətli və məhsuldar buğda sortları bu sərvətin elm və tətbiqin ahəngində formalaşan qiymətli nümunələridir.

Akademik Cəlal Əliyevin elminə və şəxsiyyətinə beynəlxalq səviyyədə verilən yüksək qiymət, göstərilən dərin hörmət onun elmi irsinin yaşadığını sübut edir. Beynəlxalq Fotosintez Cəmiyyətinin (ISPR) 2018-ci ildə təsis etdiyi "The Jalal Aliyev Lecture Award" mükafatının və müvafiq medalın artıq 2 dəfə dünyaşöhrətli fotosintez tədqiqatçılarına təqdim olunması bu mənada xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan molekulyar-genetik seleksiya, bioinformatika, süni intellekt, omiks texnologiyaları ilə regionda liderlik edirsə, bu, Cəlal müəllimin illər öncə səpdiyi elmi toxumların bu gün bar verdiyinin sübutudur.

Elm təkcə bilik deyil, eyni zamanda vicdan, sədaqət, vətənpərvərlik və dözümlülükdür. Cəlal Əliyev bu anlayışların hər birini fərdi yaşantısına, fəaliyyətinə və məktəbinə çevirmiş alim idi. O, öz ətrafına yalnız elmdə deyil, insanlıqda, milli-mənəvi kamillikdə güclü olanları toplayır, hər zaman gənclərə "elm əzm tələb edir" deyirdi. Tələbələri onu bir tərəfdən tələbkar, digər tərəfdən qayğıkeş, qətiyyətli və təmkinli bir ustad kimi xatırlayırlar.

Akademik Cəlal Əliyev həyat kredosu kimi vəzifə arxasında yox, ideya önündə dayanmağı seçmişdi. Hər zaman sadəliyi ilə böyüklük qazanmışdı. O qədər parlaq nəticələrin müəllifi olduğu halda, bir dəfə də olsun "mən" deyil, xalqını, dövlətini, elmi nəzərdə tutaraq "biz" deməyi üstün tutmuşdu.

Bu gün akademik Cəlal Əliyevin adı və əməlləri yetirmələrinin elmi işlərində, qazandıqları nailiyyətlərdə, fotosintezin "yaşıl dünya"sında, yaratdığı buğda sortlarının Vətən tarlalarında dalğalanan sünbüllərində, Azərbaycan süfrələrinin bərəkəti olan çörəyin ətrində, Qarabağın suveren torpaqlarında, ölkəmizin və xalqımızın gələcəyində öz yaşamını davam etdirir.

İradə HÜSEYNOVA,

akademik,  AMEA-nın vitse-prezidenti,

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru

“Respublika” qəzeti

  • Paylaş: