Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

01.07.2025 09:53
  • A-
  • A
  • A+

Türkiyəli qonaqlar Nizami Muzeyini ziyarət ediblər

Türkiyəli qonaqlar Nizami Muzeyini ziyarət ediblər

Türkiyə Cümhuriyyəti Ankara Universitetinin İncəsənət fakültəsində rəssamlıq texnikası ixtisası üzrə pedaqoji fəaliyyət göstərən memar və rəssam İbrahim Akıncı həyat yoldaşı, interyer memarlığı ilə məşğul olan, əslən təbrizli Səhra Pasebanla birlikdə Nizami Muzeyini ziyarət ediblər.

Qonaqlar Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovla görüşüblər. Akademik Nizami muzeyinin əzəmətli binasının yaranma  tarixindən danışaraq bu məkanın Azərbaycanın istiqlal tarixində mühüm rol oynadığını bildirib. O, muzeyin ekspozisiyasının təkcə Azərbaycan ədəbiyyatının zənginliyini əks etdirilməsi baxımından deyil, həm də onun sistemli və əhatəli təqdimatı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Həmçinin, qonaqlar akademik Rafael Hüseynovla söhbət zamanı türk xalqlarının qədim və zəngin ədəbi-mədəni irsi barədə fikirlərini bölüşüblər.

Sonra muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiqin təqdimatında qonaqlar ekspozisiya ilə yaxından tanış olaraq Azərbaycan ədəbiyyatının tarixi inkişaf mərhələlərini izləmək imkanı əldə ediblər.

Muzeydə sərgilənən qiymətli incəsənət əsərləri, xüsusilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin kətan üzərində yağlı boya ilə işlənmiş portretləri, tablolar, miniatür və illüstrasiyalar qonaqların diqqətini cəlb edib.

Muzeyin rəylər və təəssüratlar kitabına ürək sözlərini yazan İbrahim Akıncı bu cür mədəniyyət ocaqlarının xalqlar arasında mədəni körpü yaratmaq baxımından əhəmiyyətli rol oynadığını qeyd edib və Nizami Muzeyinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirərək təşəkkürünü bildirib.

Sonda qonaqlara akademik Rafael Hüseynovun müəllifi olduğu “Söz məbədi” kitabı hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: