Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.07.2025 15:36
  • A-
  • A
  • A+

Gəncə Bölməsinin əməkdaşı Daşkəsəndə keçirilən tədbirdə iştirak edib

Gəncə Bölməsinin əməkdaşı Daşkəsəndə keçirilən tədbirdə iştirak edib

Daşkəsən Rayon İcra Hakimiyyətinin, YAP Daşkəsən rayon təşkilatının və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cavanşir Qocayevin – Atəşinin 75 illik yubileyi və yeni çapdan çıxmış “Dağların qoynunda yaşanan ömür” kitabının təqdimatına həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, böyük şəxsiyyətin xatirəsini ehtiramla anıblar.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb. Daha sonra yubilyarın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Cavanşir Qocayevi 75 illik yubileyi münasibətilə təbrik edərək, onun Daşkəsən rayonunun sosial-iqtisadi və ictimai-mədəni həyatında uzun illər ərzində göstərdiyi xidmətləri yüksək qiymətləndirib, gələcək fəaliyyətinə yeni-yeni uğurlar arzulayıb.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Bakı şəhəri də daxil olmaqla ölkəmizin müxtəlif bölgələrindən  müəssisə rəhbərləri, alimlər, ziyalılar iştirak ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin müvafiq əmri ilə Cavanşir Qocayev 75 illik yubileyi və ictimai fəaliyyətinə görə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub. Təltifi Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli təqdim edib.

Yubiley tədbirində AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov da iştirak edib. Alim çıxışında Qocayev Cavanşir Dövlət oğlunun Qərb bölgəsinin ictimai-mədəni həyatında fəal iştirakından, ədəbi yaradıcılığından geniş söhbət açmış, eyni zamanda yubiliyara Gəncə Bölməsinin Fəxri fərmanını, hədiyyəsini təqdim etmişdir. 

Digər çıxış edənlər Cavanşir Qocayevin ictimai və ədəbi fəaliyyəti barədə söz açıblar, ürək sözlərini bölüşüblər.

Tədbirin sonunda Cavanşir Qocayev – Atəşi çıxış edərək, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, bu diqqətin onun üçün böyük mənəvi stimul olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: