AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun müəllifi olduğu “Bəxtiyar Vahabzadənin şeirlərində Azərbaycan düşüncəsi” adlı məqaləsi Türkiyənin “DergiPark” bazasında indekslənən “YAZIT Kültür Bilimleri Dergisi”ndə işıq üzü görüb.
Məqalə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilib.
Məqalədə qeyd olunur ki, Bəxtiyar Vahabzadənin poeziyasının fikir təməlində Azərbaycançılıq, Azərbaycan ideyası, milli mənlik və kimlik, ana dili uğrunda mübarizə, vətənpərvərlik, müstəqillik və şüurlu vətəndaşlıq dayanır. Şair yaradıcılığının bütün mərhələlərində “Fikrim dəyişməz, hələ də dünya fırlanır” düşüncəsinə sadiq qalmış və milli poeziyanın əsas qolunun öncülərindən biri olmuşdur.
Həmçinin vurğulanır ki, Azərbaycançılıq ideyası və məqsədi Vahabzadənin yaradıcılığının əsasını təşkil etsə də, o bu ideyanın bütün gücünü, istiqamətlərini və təzahürlərini birdən-birə ortaya qoymamış, şeirləri yetkinləşdikcə və ictimai-ideoloji fəaliyyəti genişləndikcə bu mövzular onun yaradıcılığında daha da ön plana çıxmışdır.
Qeyd edək ki, sözügedən jurnal “Erih Plus”, “Index Copernicus”, “MLA”, “İSAM”, “ASCI”, “ESJI” və s. bazalarda indekslənir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.