AMEA-nın Rəyasət Heyəti aparatının, həmçinin Akademiyanın elmi müəssisə və təşkilatlarının dövlət satınalmaları ilə məşğul olan əməkdaşları üçün ilk dəfə olaraq keçirilən təlimlər uğurla yekunlaşıb.
Təlimlər Azərbaycan Milli Elmlər Akademiyası və “TST Təlim və Məsləhət” MMC-nin birgə təşkilatçılığı ilə keçirilib.
“TST Təlim və Məsləhət” MMC-nin peşəkar mütəxəssisləri tərəfindən bir ay davam edən təlimlər vasitəsilə dövlət satınalmaları sahəsində əməkdaşların bilik və bacarıqları təkmilləşdirilib. Təlimlərdə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qüvvədə olan Qanununun tələblərinə uyğun ətraflı məlumat verilib, təlim proqramı çərçivəsində iştirakçılara dövlət satınalmalarının hüquqi əsasları, satınalma planlarının hazırlanması, tender prosedurlarının mərhələləri, qiymətləndirmə meyarları, elektron satınalma sistemlərindən istifadəyə dair geniş təqdimatlar nümayiş etdirilib.
Təlimlər uğurla yekunlaşıb və iştirakçılar öyrəndikləri nəzəri biliklər əsasında imtahan verərək sertifikatla təltif olunublar.
Qeyd edək ki, son illərdə dövlət satınalmaları sahəsində normativ hüquqi aktlarda edilmiş bir sıra yeniliklərin tətbiqi əməkdaşlardan daha yüksək peşəkar yanaşma tələb edir. Bu baxımdan, təlimlərin təşkili həm hüquqi mexanizmlərin daha yaxşı mənimsənilməsi, həm də praktiki biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıyırdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.