Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.07.2025 14:05
  • A-
  • A
  • A+

AMEA nümayəndələri İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi çərçivəsində ECO-nun Qadınlar Forumunda iştirak ediblər

AMEA nümayəndələri İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi çərçivəsində ECO-nun Qadınlar Forumunda iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Laçın şəhərində ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi çərçivəsində ECO-nun Qadınlar Forumu keçirilib.

Forumda açılış nitqilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova tədbirin əhəmiyyətini qadınlar arasında davamlı inkişaf və iqlim dəyişikliyinə dayanıqlı gələcəyin qurulması sahəsində sistemli və davamlı regional əməkdaşlığa bir başlanğıc kimi dəyərləndirib.

Tədbirdə ECO-nun Baş katibinin müavini Silapberdi Nurberdiyev, Özbəkistanın Baş nazirinin müavini, Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamova, Türkiyə Respublikasının ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigün də çıxış ediblər.

İştirakçı qismində Laçına dəvət alan xarici qonaqlar əhəmiyyətli tədbirin təşkilinə görə Azərbaycan hökümətinə minnətdarlığını bildiriblər.

BMT Baş katibinin müavini, təşkilatın Dayanıqlı İnkişaf Qrupunun sədri Amina Mohammed videomüraciətlə tədbirə qatılıb.

Sonra “Hənifə Məlikova – Zərdabi qızların təhsili təqaüd proqramı” adlı film nümayiş etdirilib.

Forum “İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu”, “Şəhərsalmanın inkişafında qadınların rolu” və “Dayanıqlı inkişafda qadınların rolu” mövzularında panel sessiyalarla davam edib. Panel sessiyalar zamanı “İqlim davamlılığı üçün insan inkişafında qadınların rolu”, “Təhsil vasitəsilə qadınlar, o cümlədən qızlar üçün imkanların artırılması”, “Rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi” və digər mövzular müzakirə olunub.

ECO-nun Baş katibi Əsəd Məcid Xan forumda aparılan faydalı fikir mübadiləsinin davamlı və yaşıl gələcəyin qurulmasına, həmçinin təşkilatın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsinə töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

ECO-nun Həftəsi çərçivəsində Qadınlar Forumuna Azərbaycan Milli Elmlər Akademiyasından AMEA Rəyasət Heyəti Aparatının Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru Zemfira Hacıyeva və Akademiya Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə iştirak ediblər. Alim qadınlar xanımlarımızın bütün sahələrdə imkanlarının artırılması üçün İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sektorlararası əməkdaşlığı, eləcə də təşkilatın əhatə etdiyi regionda dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında onların rolunu gücləndirməklə bağlı müzakirələrdə aktiv iştirak edib, fikir və təkliflərini səsləndiriblər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: