AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın elmi məqaləsi Avropanın nüfuzlu elmi nəşrlərindən olan E-REI – E-Journal of Intercultural Studies jurnalının 2025-ci il may sayında (№13) dərc olunub.
“Scopus” indeksli bu beynəlxalq elmi jurnal Portuqaliyanın Porto Politexnik İnstitutunun tərkibində fəaliyyət göstərən Centre for Intercultural Studies of ISCAP (CEI-ISCAP) – (ISCAP-ın Mədəniyyətlərarası Tədqiqatlar Mərkəzi) tərəfindən nəşr olunur və mədəniyyətlərarası elmi tədqiqatlara dair aktual mövzulara yer verir.
Məqalə “Poetics and Challenges in Postmodern Poetry: A Comparative Study of American and Azerbaijani Poetry” (“Postmodern Poeziyada Poetik Təsvir və Çağırışlar: Amerika və Azərbaycan Poeziyasının Müqayisəli Təhlili”) adlanır. Tədqiqatda Amerika və Azərbaycan postmodernist şairlərinin yaradıcılığı müqayisəli şəkildə araşdırılır, postmodern ədəbi-estetik xüsusiyyətlər – fraqmentləşmə, mədəni simvollarla oyun, miflərin dekonstruksiyası, ironiyaya və hiperreallığa əsaslanan ifadə vasitələri təhlil olunur.
Məqalədə, həmçinin postmodernizmdə müəllifin çoxsəsliliyi, mənaların qatlaşması və fərqli mədəni kodların iç-içə keçməsi məsələləri elmi əsaslarla izah olunur. Bu araşdırma, müxtəlif mədəni mühitlərdə postmodern poeziyanın ümumi və fərqli cəhətlərini üzə çıxararaq, gələcək tədqiqatlar üçün ciddi nəzəri baza formalaşdırır.
Bu elmi uğur, Azərbaycan humanitar elminin beynəlxalq miqyasda nüfuzunun artmasına, eləcə də milli ədəbiyyatımızın dünya kontekstində daha geniş tanıdılmasına mühüm töhfə verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.