Prezident İlham Əliyevin milli mətbuatımızın 150 illik yubileyi münasibətilə imzaladığı Sərəncama əsasən, respublika səviyyəsində tədbirlər davam edir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi Xaçmaz rayonunun Qımıl Qışlaq kənd bələdiyyəsində mətbuatın 150 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
Şöbənin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd giriş nitqində mətbuat tariximizlə bağlı geniş məruzə edib, şöbə əməkdaşlarının bu istiqamətdəki fəaliyyətləri barədə məlumat verib və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Daha sonra şöbənin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva “Əkinçi”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus” qəzetləri və “Molla Nəsrəddin” jurnalı haqqında ətraflı məruzə edib. Şöbənin baş elmi işçisi filologiya elmləri doktoru Elçin Mehrəliyev Azərbaycanın müstəqillik dövrü publisistikası, 44 günlük Vətən müharibəsi və bu dövrdə publisistikada Ali Baş Komandan İlham Əliyev obrazını təsvir edən məruzə ilə çıxış edib. Aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın 1961-ci ildə nəşrə başlayan və bu gün də fəaliyyətini davam etdirən “Elm və həyat” jurnalının tarixi haqqında məruzəsi dinlənilib, eləcə də şöbənin əməkdaşları Şahanə Məmmədova, Leyla Məmmədova, Samirə Kərimova, Kəminə Dadaşova, Hacıməhəmməd Mahmudov və başqaları çıxış ediblər.
Mədəniyyət evinin bədii rəhbəri, qiraətçi Elçin İbrahimov dövri mətbuatda çap olunmuş Azərbaycan poeziyasından nümunələr səsləndirib.
Son olaraq Xaçmaz rayon Qımıl Qışlaq kənd bələdiyyəsinin sədri Ceyhun Mustafayev Ədəbiyyat İnstitutunun rəhbərliyi və Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşlarına tədbirin təşkil olunmasına görə təşəkkürlərini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.