AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, Qarabağ Universitetinin Azıx arxeoloji tədqiqat və analiz laboratoriyasının müdiri Əjdər Babazadə iyunun sonu, iyul ayının əvvəlində Almaniyada Traseologiya və Nəzarət Edilən Təcrübələr Laboratoriyasında (Laboratory for Traceology and Controlled Experiments/TraCEr) qısa müddətli elmi ezamiyyətdə olub. Laboratoriya Mayns şəhərində yerləşən Leybnis adına Arxeologiya Mərkəzinin (Leibniz-Zentrum für Archäologie/LEIZA) nəzdindəki Monrepos Arxeoloji Tədqiqat Mərkəzi və İnsanın davranış təkamülü muzeyinin tərkibindədir. Elmi ezamiyyət Azərbaycan Elm Fondunun əsas qrantı (Layihənin adı: Qarabağın daş dövrünə aid alət sənayesinin texno-tipologiyasının traseoloji və eksperimental analizləri, Layihənin nömrəsi: AEF-MCG-2023-1(43)-13/13/5-M-13) çərçivəsində həyata keçirilib. Səfər zamanı 2024-cü ildə Azıx mağarasında aparılmış arxeoloji tədqiqatlar zamanı əldə olunmuş paleolit artefaktlar üzərində mikroskopik analizlər aparılıb.
Traseoloji və eksperimental laboratoriyada Ə.Babazadə, həmçinin onun mentoru və tərəfdaşı, laboratoriyanın müdiri Dr. Joao Marreiros tərəfindən Qarabağın paleolit alətləri üzərində mikroskoplarla mikro- və makro-analizlər aparılıb. Analizlərə LEIZA ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında bağlanmış memoranduma əsasən Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyanın Azıx mağarasında 2024-cü ildə apardığı arxeoloji qazıntılarında aşkar edilmiş arxeoloji materiallar cəlb edilib. Azıx mağarası paleolit daş alətlər üzərində mikro analzilər metallografik mikroskopla həyata keçirilib.
Bu analizlərin əsas məqsədi Qarabağda yaşamış uzaq və yaxın hominin (şərti olaraq insanı və iri insanabənzər meymunları özündə birləşdirən bioloji primat ailəsi) həyat hekayəsini müasir epistemoloji yanaşmalarla kəşf etməkdir. Mikroskopik analizlər, Qarabağın homininlərinin texno-tipologiyasının təkamülünü anlamaqla yanaşı, onların tarixəqədərki (prehistorik) sosial, iqtisadi, koqnitiv (idraki) modellərini öyrənməyə yardım edəcəkdir. Bütün bunlar, Qarabağın paleolitində yeni paradiqmalar ortaya qoymağı hədəfləyir.
Qeyd edək ki, Azərbaycan Elm Fondunun əsas qrant dəstəyi ilə həm dünyanın ən yaxşı texnoloji laboratoriyalarında mikroskopik analizlər imkanı qazanılmış, eyni zamanda həmin təcrübələrdən istifadə edərək ölkəmizdə mikro analizlərin aparılması üçün laboratoriyanın qurulmasına nail olunmuşdur.
Belə ki, AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında bağlanmış memorandum əsasında “Azıx arxeoloji araşdırma və analiz laboratoriyası” yaradılıb. Azıx laboratoriyası, Azərbaycan Elm Fondunun əsas qrantı vasitəsilə, mikro arxeoloji analizlər üçün ehtiyac olan alət, avadanlıq və cihazlarla təmin olunub. Beləliklə, dünya yüksək keyfiyyətli optik məmulat brendi olan Karl Zeiss mikroskoplarına sahib olmaqla, ölkəmiz arxeologiya sahəsində ilk mikroskopik laboratoriya statusunu qazanıb.
Hal-hazırda Azıx arxeoloji araşdırma və analizlər laboratoriyasında Qarabağın paleolit dövrü materialları üzərində texno-tipoloji, riyazi statistik, traseoloji, geoeksperimental, rəqəmsal, mikro və d. arxeoloji tədqiqatlar və analizlər davam etdirilir. Bundan başqa laboratoriyaya, təkcə Qarabağ bölgəsindən deyil, ölkəmizin fərqli bölgələrindən müxtəlif dövrlərin arxeoloji materialları da daxil olmaqdadır. Laboratoriya araşdırma və analiz çalışmlarına Qarabağ Universitetinin tələbələri cəlb ediliblər. Onlar həm laborator təcrübələrindən faydalanır, həm də Azıx beynəlxalq paleolit ekspedisiyasının heyətinə cəlb olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.