Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.07.2025 15:20
  • A-
  • A
  • A+

Süleyman Allahverdiyev dünyanın ən nüfuzlu tədqiqatçılarından biri kimi tanınıb

Süleyman Allahverdiyev dünyanın ən nüfuzlu tədqiqatçılarından biri kimi tanınıb

Süleyman Allahverdiyev fotosintez sahəsində dünyanın ən nüfuzlu alimlərinin sırasına daxil olaraq, Highly Ranked Scholars (ScholarGPS) reytinqinə əsasən, top 0,05%-lik siyahıya düşüb.

Süleyman Allahverdiyev AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiyalar beynəlxalq laboratoriyasının müdiri,  Rusiya Federasiyasının Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının Fundamental Biologiya Problemləri İnstitutunun baş elmi işçisi, eyni zamanda K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun İdarəolunan Fotobiosintez laboratoriyasının müdiri və baş elmi işçisidir.

Highly Ranked Scholars - dünyanın ən nüfuzlu reytinqlərindən biridir və tədqiqatçıların elmi fəaliyyətini müəyyən meyarlar əsasında qiymətləndirir: məhsuldarlıq (nəşrlərin sayı), təsir gücü (istiqamət üzrə istinadların səviyyəsi), elmi işlərin keyfiyyəti (h-indeksi).

Reytinq ScholarGPS məlumat bazası əsasında tərtib olunur. Bu baza 200 milyondan artıq elmi nəşri və 30 milyondan çox alim profilini (o cümlədən elmi fəaliyyətini artıq başa vurmuş alimləri) əhatə edir. Reytinqdə alimlərin bütün peşəkar fəaliyyəti dövründəki töhfələri nəzərə alınır, özünə istinadlar çıxarılır və birgə müəlliflərin sayına uyğunlaşdırmalar edilir.

Süleyman İfxan oğlu Allahverdiyevin bu elit siyahıya daxil edilməsi onun fotosintez və əlaqəli sahələrin öyrənilməsinə verdiyi töhfələrin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Alim daha öncə “Web of Science” versiyasına əsasən dəfələrlə dünyanın ən çox istinad olunan top 1% alimləri siyahısına daxil olmuş, “Scopus Awards Russia” mükafatına layiq görülmüşdür. 2022-ci ildən etibarən hər il Research.com reytinqində “Bitki elmi və aqronomiya” kateqoriyası üzrə Rusiya alimləri arasında birinci yeri tutur.

O, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, K.A.Timiryazev adına mükafatın laureatı (2019), “Qlobal Enerji” beynəlxalq mükafatının laureatı (2021), N.Vəziroğlu adına Beynəlxalq Hidrogen Mükafatı laureatı (2024), Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin “Elm qarşısında xidmətlərinə görə” qızıl medalın sahibidir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: