Azərbaycan Milli Elmlər Akademiyasının islahatlar və yeniləşdirmə mərhələsində, 2024-cü ilin fevral ayında Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə imzalanmış Əməkdaşlıq Protokolu çərçivəsində ilk müştərək layihə müsabiqəsi 6 avqust 2024-cü il tarixində elan edilib. Müsabiqə AMEA-nın elmi müəssisələrinin Türkiyənin universitetləri və tədqiqat institutlarından olan həmkarları ilə birlikdə urbanizasiya, şəhər və regional planlaşdırma (dayanıqlı şəhərlər), mədəniyyətlərarası qarşılıqlı əlaqə, dil birliyi, seysmologiya, rəqəmsal transformasiya, dairəvi iqtisadiyyat və inkişaf məsələlərini əhatə edən istiqamətlər üzrə birgə elmi layihələrin hazırlanması üçün geniş imkanlar yaradıb.
Müsabiqəyə AMEA-nın elmi müəssisələrinin, regional bölmə və mərkəzlərinin, Mərkəzi Elmi Kitabxanasının və Rəyasət Heyəti aparatının alimləri tərəfindən Türkiyənin 10-dan çox elm və təhsil qurumunun mütəxəssisləri ilə birlikdə 20 müştərək layihə təqdim edilib. AMEA və TÜBİTAK tərəfindən həyata keçirilən texniki ekspertizadan uğurla keçmiş 15 layihə elmi ekspertizaya göndərilib. Hər bir layihə həm AMEA, həm də TÜBİTAK tərəfindən 2 müstəqil rəyçi, ümumilikdə 4 müstəqil ekspert tərəfindən qiymətləndirilib. Ekspertizanın nəticələrinə əsasən 4 layihə hər iki tərəfdən qəbul edilib.
Qəbul edilən layihələr arasında AMEA və Türkiyənin Ondokuz Mayıs Universiteti arasında 2 illik əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Türkiyə və Azərbaycanda Türk mədəniyyətinin ən qədim izlərinin təsbiti” adlı layihə də yer alıb. Layihənin işçi qrupu hər iki ölkənin sahə mütəxəssislərindən ibarətdir. Türkiyə tərəfdən layihəyə OMÜ İnsan və Cəmiyyət Elmləri Fakültəsinin Tarix Bölümünün müdiri prof. Dr. İbrahim Tellioğlu rəhbərlik edir, işçi qrupda isə Ondokuz Mayıs Universitetinin Tarix fakültəsindən Dos. Dr. Okay Pekşen, Coğrafiya fakültəsindən Dos. Dr. Muhammed Bahadır təmsil olunurlar.
Sözügedən ortaq elmi tədqiqat layihəsində Azərbaycan tərəfdən işçi qrupu AMEA-nın Folklor İnstitutunun əməkdaşı fil.ü.f.d., dos. Aynur İbrahimova, Tarix və Etnologiya İnstitutunun əməkdaşı tar.ü.f.d., dos. İradə Məmmədova təmsil edirlər.
Layihə haqqında məlumat verən dos. Aynur İbrahimova bildirir ki, işin əsas istiqamətlərini Türkiyə və Azərbaycanda sahə tədqiqatları və empirik məlumatların toplanması, tarixi və mədəni bağların elmi əsaslandırılması, maddi mədəni irs nümunələri ilə yanaşı, şifahi ənənələr və digər qeyri-maddi irs nümunələrinin hər iki ölkədə sistemli və müqayisəli şəkildə tədqiqi təşkil edir. Layihənin məqsədi Azərbaycan və Türkiyə ərazilərində yalnız qədim izləri müəyyənləşdirmək deyil, eyni zamanda iki qardaş xalq arasında mədəni inteqrasiyanın elmi əsaslarını formalaşdırmaqdır. Bu çərçivədə “İki dövlət – bir millət” ideyasının tarixi və mədəni kökləri sübutlarla təsbit ediləcəkdir.
Tədqiqat nəticələrinin beynəlxalq elmi nəşrlərdə dərc edilməsinin, konfrans və simpoziumlarda təqdim olunmasının nəzərdə tutulduğunu da qeyd edən Aynur İbrahimova layihənin Azərbaycan-Türkiyə elmi əməkdaşlığının strateji dərinliyini göstərən mühüm bir nümunə olmaqla yanaşı, ortaq türk mədəniyyətinin tədqiqi və təbliği sahəsində yeni perspektivlər açacağını vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.