AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun alimi fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib.
Mirzə Əbdül oğlu Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib.
1967-ci ildə Elmlər Akademiyasının Fizika İnstitutunda böyük mühəndis vəzifəsində işləməyə başlayıb. 1968-ci ildə həmin institutun aspiranturasına qəbul olan M.Qurbanov sonralar Y.V. Kurçatov adına Moskva Atom Enerjisi İnstitutuna ezam edilib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetində “Dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmaların tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək “Eksperimental fizika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yüksəlib.
O, dielektriklərdə istiliyin və güclü elektrik sahəsinin birgə təsiri şəraitində əvvəlcədən polyarlaşdırılmış polimer kompozitlərdə elektrik, istilikfiziki, elektromexaniki effektlərin və termostimullaşdırılmış cərəyan spektrlərinin yaranma mexanizmini tədqiq etməyə imkan verən cihazın yaradılmasına görə, 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.
1985-ci ildə M. Qurbanov “Dielektriklərin və yarımkeçiricilərin fizikası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə fizika-riyaziyyat elmləri doktoru, professor adını alıb.
Alimin rəhbərliyi altında müxtəlif polimer, pyezoelektrik və yarımkeçiricilər əsasında kompozitlər tədqiq olunub. Aktiv kompozitlər əsasında çoxfunksiyalı çeviricilərin fiziki-texnoloji əsasları işlənib hazırlanıb. Eyni zamanda seysmoçeviricilər, elektroakustik çeviricilər, akustik elektronika cihazları, opto-akustik çeviricilər, statik və dinamik təzyiq çeviriciləri... hazırlanıb ki, bunların da bir çoxu elmin və texnikanın müxtəlif sahələrində tətbiq olunub.
Professor Mirzə Qurbanov 1994-2021-ci illərdə Fizika İnstitutunda “Polimer nano- və aktiv kompozitlər fizikası” laboratoriyasının müdiri vəzifəsində çalışıb.
2015-ci ildə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar uzunmüddətli elmi və elmi-təşkilatı fəaliyyəti nəzərə alınaraq professor Fəxri fərmanla təltif edilib. 2017-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “İlin nüfuzlu ziyalısı” Ali media mükafatına layiq görülüb.
Professor Mirzə Qurbanovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.