Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.07.2025 14:35
  • A-
  • A
  • A+

AMEA Lənkəran Regional Elmi Mərkəzində seminar keçirilib

AMEA Lənkəran Regional Elmi Mərkəzində seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “AMEA-nın 80 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində regionun görkəmli alimləri: Yaşar Rzayevin ictimai-siyasi və bədii-elmi fəaliyyəti” mövzusunda elmi seminar keçirilib.

Əvvəlcə qonaqlar Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Sonra onlar Lənkəran REM-in foyesində şəhid Mahsun Bağırzadənin xatirə guşəsi önünə qərənfillər qoyublar.

Mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev qonaqları tədbir iştirakçıları ilə tanış etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra böyük ictimai-siyasi xadim, tanınmış yazıçı və alim Yaşar Rzayevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Mehman Əliyev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev 18 mart 2025-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir: AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu Sərəncamın Akademiya qarşısında yeni üfüqlər açdığını bəyan etmişdir. Biz də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi olaraq Sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək üçün silsilə tədbirlər təşkil edirik. Bugünkü elmi seminarımız da həmin tədbirlərin məntiqi davamıdır.

Direktor giriş nitqində əlavə edib ki, Yaşar Rzayevin gənclərə örnək olan həyatına, ictimai-siyasi və bədii-elmi fəaliyyətinə həsr olunan elmi seminarın “Konstitusiya və Suverenlik İli” çərçivəsində də keçirilməsi əlamətdardır, çünki onun həyatı və ictimai-siyasi fəaliyyətini müstəqilliyimizdən ayrı təsəvvür etmək olmaz.

Sonra Lənkəran REM-in əməkdaşları Nəzrin Əlizadə “Yaşar Rzayevin həyatı və ictimai-siyasi fəaliyyəti”, İltifat Əhmədov “Yaşar Rzayevin jurnalistik fəaliyyəti”, Ağamir Cavadov “Yaşar Rzayevin bədii yaradıcılığı” və Sərraf Talıbov “Yaşar Rzayevin elmi fəaliyyəti: Azərbaycan ədəbiyyatında milli özünüdərk və azadlıq meylləri (“Bədii söz və azadlıq şüuru” kitabı əsasında)” mövzularında məruzələrlə çıxış ediblər.

Natiqlər qeyd ediblər ki, Yaşar Rzayev 1941-ci il aprelin 7-də Lənkəran şəhərində anadan olub. Lənkəranda orta məktəbi əla qiymətlərlə bitirib, indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1964-cü ildə oranı fərqlənmə diplomu ilə başa vurub. Hələ tələbəlik illərində hekayələr, respublika televiziyasının verilişləri üçün ssenarilər yazıb. İlk hekayələri “Aprel çiçəkləri” və “Gənc qələmlər” almanaxlarında, “Azərbaycan” jurnalında çap olunub. Universiteti bitirdikdən sonra yerli qəzetdə əvvəlcə ədəbi işçi və məsul katib vəzifələrində işləyib, axşam məktəbində dərs deyib. Sonra iki il o vaxtkı Bakı Ali Partiya Məktəbində müdavim olub. Həmin illərdə ilk hekayələr kitabı nəşr edilib.

Yaşar Rzayev sonralar Lənkəran Şəhər Partiya Komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri işləyib. Eyni zamanda, bədii yazıları, müxtəlif məqalələri çap olunub, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. 1983-cü ildə ikinci katib seçilib. 1989-cu ildə respublikada xalq hərəkatının təşəkkül tapdığı dövrdə - noyabr ayında şəhər partiya komitəsinin plenumu Mərkəzi meydana toplaşan minlərlə lənkəranlının tələbi ilə Bakıdan MK tərəfindən göndərilən namizədi yox, Yaşar Rzayevi partiya komitəsinin birinci katibi seçib.

O, 1990-cı ilin yanvarında Qarabağ məsələsini həll edə bilməyən respublika rəhbərliyinə və Mərkəzi hakimiyyətə qarşı etiraz hərəkatının tərəfində olub, ordunun bu hərəkata müdaxiləsinin əleyhinə bəyanat verib. Həmin bəyanat çap olunub və efirdə səslənib.

1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olan Yaşar Rzayev 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında Bəyanata, həmin il oktyabrın 18-də Dövlət Müstəqilliyi Aktına imza edənlərdən biri olub. 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutu Lənkəran filialının direktoru işləyib.

Yaşar Rzayev 1993-cü ilin sentyabrından 1995-ci ilin oktyabrınadək Lənkəran ŞİH başçısının humanitar məsələlər üzrə müavini işləyib. 1995-ci ilin oktyabrında Azərbaycan Milli Məclisinə deputat seçilib. Deputatlıq dövründə Milli Məclisdə 200-dən çox çıxışı olub. Həmçinin MDB Parlamentlərarası Assambleyasının üzvü kimi də fəaliyyət göstərib, Sankt-Peterburqda, Minskdə, Türkiyənin Samsun şəhərində (türk xalqlarının toplantısında) çıxışlar edib. 2000-2003-cü illərdə isə Lənkəran ŞİH-nin başçısı işləyib.

On üç kitabın müəllifi olan Yaşar müəllimin povestləri və hekayələri “Azərbaycan”, “Ulduz”, “Söz” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, almanaxlarda və s. çap olunub. “Dünya mənim” romanı, “Yay əhvalatı”, “Əks-səda”, “Dəryada gəmim qaldı” povestləri, “Vəlinin kupletləri”, “Palatanın tavanı ağ-appaqdır”, “Sözsüz mahnı”, “Ana ömrü” və s. hekayələri maraqlı bədii nümunələr kimi diqqəti cəlb edib.

Yaşar Rzayev filologiya üzrə fəlsəfə doktorudur. “Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu (1960-1980-ci illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. “Azərbaycan romanı siyasi-ideoloji proseslər və milli-mənəvi ideallar kontekstində (1930-1950-ci illər)” adlı doktorluq dissertasiyası yazıb. 45 elmi məqalənin, 200-dək müxtəlif məqalələrin, oçerk və reportajların, publisistik yazıların, resenziyaların, tərcümələrin müəllifi, beynəlxalq elmi konfransların iştirakçısıdır. Elmi məqalələri Rusiyada, Türkiyədə, Ukraynada, Qazaxıstanda, Özbəkistanda çap olunub.

Sonra çıxışlar dinlənilib.

Hüquq elmləri doktoru, professor, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü İbrahim Quliyev bildirib ki, belə elmi seminarların keçirilməsi ziyalı nüfuzunun qaldırılması deməkdir. Yaşar müəllim çoxşaxəli fəaliyyəti ilə xalq arasında yüksək nüfuz sahibi, zirvədə duran şəxsiyyətdir, həmişə elinə-obasına sadiq olub. Tribunalarda cəsarətli çıxışları ilə fərqlənib, seçilib. Azərbaycanın Müstəqillik Aktına imza atanlardan biri olub. Eyni zamanda, peşəkar, istedadlı qələm sahibidir, oxucunu yaradıcılığı ilə düşündürməyi bacarır. Yaşar müəllim həmçinin qeyrətli vətəndaşdır, dövlətə təmənnasız xidmətlər göstərib. Xalqın dərin məhəbbəti, sevgisi onun varı, dövlətidir.

Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin sabiq komandanı, ehtiyatda olan general-mayor Altay Mehdiyev diqqətə çatdırıb ki, Yaşar müəllimlə yaxından tanışlığı 1994-cü ilin aprel ayından başlanıb: Həmin dövrdə Ulu Öndər Heydər Əliyev məni Lənkəran qarnizonuna briqada komandiri təyin etdi. O vaxtkı icra başçısı, mərhum Dilrubə Camalova, başçının müavini Yaşar Rzayev və Astara Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Quliyevlə, demək olar ki, hər gün görüşürdük. Yaşar müəllim və İbrahim müəllimlə tez-tez hərbi hissələrə gedir, əsgər və şəxsi heyətlə görüşür, onların ərzaq və digər təchizat məsələləri ilə yaxından maraqlanırdıq. Bu kimi görüşlərin ordunun formalaşmasında, əsgər və zabitlərin vətənpərvərlik, döyüş ruhunun qaldırılmasında əvəzsiz, mühüm rolu olub. Dörd il qarnizonun briqada komandiri kimi fəaliyyət göstərdim. İlk dəfə  bizim briqadada ehtiyat taboru yaradıldı...

Tədbir iştirakçılarından həkim Nicat Səmədzadə çıxış edərək Yaşar müəllimə Azərbaycan Bayrağını hədiyyə verib və bayraq mövzusunda yazdığı çox duyğusal şeirini ifa edib.

Təqaüddə olan müəllim Şəmsəddin Canıyev Yaşar müəllimə həsr etdiyi şeirini səsləndirib.

Jurnalist Əlisəfa Həsənov, idmançı-şair Əlizadə Əsədov Yaşar müəllimin yaradıcı adamlara, jurnalistlərə, idmançılara olan diqqət və qayğısından söz açıblar.

Sonda çıxış edən Yaşar Rzayev elmi seminarın yüksək səviyyədə təşkilinə görə, ilk növbədə, AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə, Lənkəran REM-in direktoru Mehman Əliyevə, məruzəçilərə, bütün tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib, yaradıcılıq planlarından danışıb.

Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: