AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ Əlyazmalar İnstitutunun 2025-ci ilin ilk 6 ayı ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın dinlənilməsi olub.
İclası giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb, gündəliyi elan etdikdən sonra çıxış üçün sözü elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirliyə verib. A.Hacıqədirli institutun yarımillik hesabatı ilə bağlı geniş məruzəsində institutda dövlət başçısının müvafiq sərəncamlarından irəli gələrək icra olunan işlər, Azərbaycan Respublikası Nazirlər Kabineti, AMEA Rəyasət Heyəti, habelə Humanitar və İctimai Elmlər Bölməsinin müvafiq qərarlarının icrası ilə bağlı görülən işlər barədə, şöbələrdə aparılan tədqiqat işləri, çap olunan kitablar, əməkdaşların elmi ezamiyyətləri, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq, elmin təhsilə inteqrasiyası, aparılan elmi-tədqiqat işlərinin geniş ictimaiyyətə çatdırılması və digər məsələlər haqqında ətraflı məlumat verib.
Daha sonra Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Raqub Kərimovun və Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Əli Əliyevin məruzə ətrafında çıxışları dinlənilib. Alimlərimiz hesabata dair fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
Bütövlükdə İnstitutun 2025-ci ilin ilk 6 ayı ərzində fəaliyyətinə dair hesabatı Elmi şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və yekdilliklə qəbul olunub.
Qeyd edək ki, Elmi şuranın iclasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin əməkdaşı texnika elmləri ü.f.d., dosent Rəna Qasımova da iştirak edib. O, dinlənilən hesabat haqqında çıxış edərək, institutun elmi tədqiqat şöbələrində icra olunan işlərin əhəmiyyətindən, əldə olunan mühüm elmi nailiyyətlərdən, xəzinəmizdə mühafizə olunan əlyazmaların elektronlaşdırılması və bərpası sahəsində, institut materiallarının və nəşrlərinin, o cümlədən əməkdaşlarımızın fəaliyyətinin ölkədə, sosial şəbəkələrdə və ümumilikdə dünyada təbliği istiqamətində görülən mühüm işlərdən danışıb, təqdim olunan hesabatı yüksək qiymətləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.