Azərbaycanın cənub-şərqində, Yardımlı rayonunun Keçələkəran kəndi ərazisində, Masallı-Yardımlı şosse yolunun 41-ci km-də, yoldan sol tərəfdə, Viləşçayın sağ sahilində kəndə yeni çəkilən yol tikintisi zamanı aşkarlanmış yaşayış yerində ilk arxeoloji qazıntılara başlanılıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d., dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi ekspedisiyanın məqsədi dağlıq bölgədə Son Tunc-İlk Dəmir dövründə əhalinin məskunlaşmasının mərhələlərini izləməkdir. Bu baxımdan qazıntısı aparılan Viləşçay yaşayış yeri böyük əhəmiyyətə malikdir.
Abidədə aparılan ilkin tədqiqatlar 150 kv.m.-dən artıq ərazini əhatə edir. Yaşayış yerinin mədəni təbəqəsinin qalınlığının 5 m-dən artıq olması bəhs olunan dövrdə arealda fasiləsiz, uzunmüddətli və intensiv yaşayışın olduğunu deməyə əsas verir. Bu xüsusiyyətləri şərtləndirən amillərdən biri də qədim yaşayış izlərinin məhz bol sulu Viləşçayın sahilində yerləşməsidir. Başlanğıcını Talış dağ silsiləsinin Quludaş zirvəsindən (2203 m) götürən Viləşçayın uzunluğu 115 km-dir. Mülayim iqlimə, dəmyə əkinçiliyi üçün əlverişli mövqeyə və geniş otlaqlara sahib olan ərazidə maldarlıq, əkinçilik, sənətkarlıq kimi müxtəlif sahələrin inkişafı tendensiyası sürətlə baş vermişdir. Yeni qazıntılar zamanı üzə çıxan çaydaşından ev bünövrələri, müxtəlif formalı və ölçülü təsərrüfat küplərinə məxsus fraqmentlər, məişətdə istifadə edilən incə hazırlanmış kiçik ölçülü və ya miniatür qablara məxsus qırıqlar, toxuculuqda istifadə olunan sümükdən iy başlıqları və s. təyinatlı əşyalar istehsal təsərrüfatında dulusçuluğun, məişətdə isə toxuculuğun inkişafını, iri və xırdabuynuzlu mal-qaraya məxsus çoxsaylı osteoloji qalıqlar isə maldarlığın geniş yayıldığını və ev təsərrüfatında üstün mövqeyə malik olduğunu göstərir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.