Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.08.2025 16:48
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları Şərqi Zəngəzur iqtisadi rayonunda ekspedisiyada olublar

Dendrologiya İnstitutunun əməkdaşları Şərqi Zəngəzur iqtisadi rayonunda ekspedisiyada olublar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşları Şərqi Zəngəzur iqtisadi rayonunda - Zəngilan, Qubadlı rayonlarında elmi ezamiyyətdə olublar.

Tədqiqat ərazisilərində monitorinq keçirilib, bitki növlərinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müşahidələr aparılaraq, meşə ərazilərinin inventarlaşdırılması və mövcud vəziyyətinin qiymətləndirilməsi, yerli torpaq-iqlim şəraitinə uyğun ağac-kol bitkilərinin seçilməsi istiqamətində elmi-tədqiqat işləri qismən yerinə yetirilib.

Ekspedisiyanın məqsədi Zəngilan və Qubadlı rayonlarının torpaq, su, bitki örtüyü göstəricilərinin kompleks tədqiqinin həyata keçirilməsi, meşə ekosistemlərinin müasir fitosanitar vəziyyətinin təhlil edilməsi, tədqiqat ərazisinin dendroflorasına iqlim dəyişkənliyinin təsirinin öyrənilməsi, dendroloji mühitin bioekoloji xüsusiyyətləri və taksonomik tərkibinin araşdırılması olub.

Tədqiqat aparılan ərazilərdə dendrofloranın müasir vəziyyəti və taksonomik tərkibinə dəymiş iqlim dəyişkənliyinin təsirini öyrənməklə, ərazidə yayılan oduncaqlı bitkilərinin bioekoloji xüsusiyyətlərinin tədqiqi, təbii ehtiyatlarıının azalması səbəbləri üzrə qismən müşahidələr aparılıb. Bitkilərin yayılma arealları, onların yaratdığı bitki formasiyalarının müəyyən edilməsi, antropogen və əlverişsiz iqlim amillərinin meşə fonduna təsirinin müqayisəli təhlilləri aparılaraq, təbii şəraitdə biomüxtəlifliyin populyasiya vəziyyəti, təbii floranın nadir növlərinin populyasiyalarında baş verən proseslərə iqlim dəyişkənliyinin təsiri üzrə elmi tədqiqat işləri aparılıb.

Dendrologiya İnstitutunun alim və mütəxəssisləri Zəngilan rayonu Rəzdərə kəndinin yaxınlığında, Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində dəniz səviyyəsindən 600-800 m yüksəklikdə, antropogen mənşəli və qlobal iqlim dəyişkənliyi nəticəsində təbii floranın ayrı-ayrı növlərinin fizioloji xüsusiyyətlərini araşdıraraq, inkişaf mərhələləri tədqiq edilib və onlara təsir edən mühit amillərinin parametrləri haqqında məlumatlar toplayıblar. Tədqiqat ərazilərində havada və torpaqda temperatur, rütubət hədləri və havada CO2-in, qarışıq zərərli qazların və aldehid birləşmələrinin miqdarının təyini aparılıb. Meşə sahəsində işıqlanma dərəcəsi, rütubət, temperatur, uçucu maddələr, aldehidlər və karbon qazının miqdarı xüsusi cihazlar vasitəsi ilə ölçülərək, laborator cihazları vasitəsi ilə havada karbon qazının (CO2) miqdarı (ppm), formaldehidin (HCHO) miqdarı (mg/m3), uçucu üzvi birləşmələrin (TVOC) ümumi miqdarı (mg/m3), işıq intensivliyi, havanın nisbi rütubəti, torpağın pH dəyəri və torpağın nəmliyi kimi parametrlər təhlil edilib.

Monitorinq zamanı ərazidə yerləşən subasar, birinci, ikinci subasar terraslarda olan oduncaqlı bitkilərin yerləşdiyi fitosenozların strukturuna diqqət yetirilmış və bitkilərin strukturunda baş vermiş dəyişikliklər qeydə alınıb. Qubadlı rayonunun Sarıyataq kəndi yaxınlığında Həkəri çayı ətrafında olan meşə fitosenozunda, müşahidələr zamanı ağac-kol bitkilərində rast gəlinən zərərverici həşərat və xəstəlik törədicilərinə dair materiallar toplanılaraq, laboratoriya şəraitində ekzosklet hazırlamaq, zərərverici həşərat və xəstəlik törədicilərin növ tərkibini araşdırmaq, təhlillər aparmaq məqsədi ilə nümunələr əldə edilib.

Biomüxtəlifliyin genişləndirilməsi, genofondun bərpası istiqamətində, meşə sahələrinin bərpasında və davamlı istifadəsində Dendrologiya İnstitutunun təcrübə sahəsində alim və mütəxəssislər tərəfindən toxum, çiling vasitəsi ilə çoxaldılan dekorativ ağac və kol bitki kolleksiyasından istifadə etməklə, Zəngilan rayonu ərazisində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən institutun alim və mütəxəssisləri, Şərqi Zəngəzur iqtisadi bölgəsində elmi tədqiqat işlərinin aparılması və tədqiqat ərazisinin dendroflorasının taksonomik tərkibinin müqayisəli öyrənilməsinə ehtiyac var.

Ekspedisiya zamanı laboratoriya əməkdaşları tərəfindən götürülmüş nümunələr üzərində təyin, təhlil və tədqiqatlar laboratoriya şəraitində davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: