Şəmkir rayonunun ərazisi müxtəlif növ arxeoloji abidələrlə zəngindir. Əlverişli təbii-coğrafi şərait, əkinçilik üçün zəruri olan münbit torpaqlar, maldarlıq üçün dağətəyi və dağlıq zonada geniş otlaqlar Tunc dövründə bu ərazinin intensiv məskunlaşmasını şərtləndirmişdir. Kür çayı və onun qolları olan Zəyəmçay və Şəmkirçay vadilərində Tunc dövrünün müxtəlif mərhələlərinə aid yaşayış yerləri və xüsusilə də çoxsaylı qəbir abidələri – nekropollar aşkar edilmişdir. Bu yerlərdə Son Tunc-İlk Dəmir dövrünü əhatə edən Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə – e.ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəlinə aid abidələr xüsusilə sıx yerləşmişdir. Belə abidələrdən biri də Baydar nekropoludur.
Baydar kurqan nekropolu Bayramlı kəndi ilə Zəyəmçayın dərəsi arasındakı alçaq təpəliklərin yamacında və onların arasındakı dərədə yerləşir. Abidə 2025-ci ilin mart ayında qeydə alınmışdır. Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiyası (rəhbər N.Müseyibli) iyun-iluyl ayları ərzində burada 30-dan artıq kurqanın olduğunu müəyyən etmiş, onların yerləşməsinin ümumi planını tərtib etmiş və burada 8 kurqanın qazıntısını aparmışdır. Zəyəmçay hövzəsində əvvəllər də eyni dövrə aid qəbir abidələri tədqiq edilmişdir. Həmin abidələr bölgənin Son Tunc dövrünün dəfn adətləri, sənətkarlıq sahələri və s. məsələlər üzrə ətraflı məlumatlar vermişdir. Lakin Baydar nekropolu bir sıra xüsusiyyətlərinə görə ərazidə əvvəllər tədqiq edilmiş qəbir abidələrindən fərqlənir və burada aparılan qazıntılar həmin məlumat bazasını xeyli zənginləşdirmiş oldu.
Baydar nekropolunu yaxın coğrafi arealda yerləşən, eyni dövrə və eyni mədəniyyətə aid olan, geniş qazıntılar aparılmış Zəyəmçay və Tovuzçay nekropolları ilə müqayisə etmək məqsədəuyğundur. 2003-cü ildə qazılmış Zəyəmçay nekropolu Baydar kurqanlarından cəmi 1,3 km məsafədə, 2004-2005-ci illərdə tədqiq edilmiş Tovuzçay nekropolu isə təxminən 20 km məsafədə yerləşir. Bu nekropolların hər birində 100-dən artıq qəbir abidəsi qazılmışdır. Çox sıx yerləşmiş bu qəbirlərdən bəziləri kiçik ölçülü kurqan tipli olmuşlar. Bu nekropollarda qəbirlər arasındakı məsafə bəzən 1 m və daha az olmuşdur. Hər iki nekropolda insanların bilavasitə dəfn edilmədiyi, lakin qəbir avadanlığının qoyulduğu, dəfn adətinin rəmzi icra olunduğu xatirat qəbirləri də aşkar edilmişdir.
Baydar kurqanları Zəyəmçay və Tovuzçay nekropollarından və bütövlükdə bölgənin digər dəfn abidələrindən qəbirlərin strukturu, dəfn adətləri ilə fərqlənirlər. Baydar nekropolunda Zəyəmçay və Tovuzçay nekropolları üçün səciyyəvi olan xatirat qəbirlərinə ümumiyyətlə rast gəlinmir.
Baydar kurqanlarının örtüyünün ölçüsü böyük deyildir. Örtüklərin diametri 6-7 m, az hallarda isə 10-12 m-dir. Hündürlükləri isə 40-50 sm, bəzən isə 1m-dir. Lakin kurqanların örtüklərinin ölçülərinin nisbətən kiçik olmasına baxmayaraq bu örtüklər torpaq qarışıq iri və sıx tökülmüş çay daşlarından ibarətdir. Eyni zamanda, qəbir kameralarının içərisi də sona qədər çoxlu miqdarda böyük ölçülü çay daşları ilə doldurulmuşdur. Məhz bu səbəbdən onların qazıntısının aparılması arxeoloji materialların və insan skeletinin dağılmamasına riayət edilməsi baxımından ağır bir proses idi. Qazıntı zamanı kurqanların örtüklərində obsidian və saxsı qab fraqmentlərinə rast gəlinirdi ki, bu da bölgənin həmdövr qəbir abidələri və dəfn adətləri üçün səciyyəvidir.
Bölgənin, o cümlədən Zəyəmçay və Tovuzçay nekropollarının qəbir kameraları düzbucaqlı plana malik olduğu halda Baydar kurqanlarının qəbirləri kvadrat formaya yaxındır. Eyni zamanda Baydar qəbirləri bir qayda olaraq dərindirlər: 1,7-1,8 m. Belə dərinliyə baxmayaraq bu qəbirlərin heç birinin dromosu – giriş yolu yoxdur.
Baydar kurqanlarının qəbirlərində maraqlı dəfn adətinin icra olunduğu müəyyən edilmişdir. Belə ki, tədqiq edilmiş bütün qəbirlərdə təkrar dəfn icra edilmişdir. Yəni vəfat etmiş insanın meyiti müəyyən bir yerdə qoyulmuş, uzun müddət çürümə, ətin sümükdən ayrılması prosesi getmişdir (ilk dəfn). Bu zaman meyit vəhşi heyvanların, quşların müdaxiləsinə də məruz qala bilirdi. Sonra sümüklər toplanır və qəbirin bir tərəfində dəfn edilirdi (təkrar dəfn). Bu məqamda sümükləri yığcam toplamaq məqsədi ilə qismən parçalama işi də aparıla bilərdi. Baydar qəbirlərində bədən, ayaq, qol sümükləri, alt çənə döşəmədə, kəllə üst çənə ilə birgə nisbətən yuxarı səviyyədə aşkar edilmişdir. Bəzən kəllə çarpaz uzadılmış ayaq sümükləri üzərinə qoyulmuşdur.
Gəncə-Qazax bölgəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid nekropolların bəzilərində bir neçə qəbirdə qismən parçalanmış və ya təkrar dəfnlərə rast gəlinmişdir. Lakin Baydar nekropolunda ilk dəfə olaraq belə dəfn adətinin icra edildiyi bütöv məzarlıq aşkar edilmişdir.
Baydar nekropolunda arxeoloji materiallar məhdud sayda aşkar edilmişdir. Hər bir qəbirdə bir neçə saxsı qab qoyulmuşdur. Yalnız 6 №li kurqanda 10-a qədər qab aşkar edilmişdir. Halbuki bölgənin digər qəbir abidələrində çoxlu sayda, əksər hallarda onlarla saxsı qablar aşkar edilir. Eyni zamanda, həmin qəbirlərdə o dövrdə kütləvi istehsal edilmiş boşqab/xeyrə tipli qablara ardıcıl rast gəlindiyi halda Baydar nekropolunda belə qablar ümumiyyətlə aşkar edilməmişdir. Bundan əlavə, digər qəbir abidələrində tuncdan hazırlanmış silah və bəzək nümunələri əsas tapıntılar kateqoriyasına aiddir. Amma Baydar qəbirlərində belə materiallar aşkar edilməmişdir. Qazılmış 8 kurqanda ümumilikdə cəmi bir neçə ədəd muncuq tapılmışdır. Halbuki bölgənin digər qəbirlərində çoxsaylı, bəzən yüzlərlə müxtəlif tip muncuqlar aşkar edilmişdir. Baydar nekropolunda kasıb avadanlıq görünür təkrar dəfnlərlə bağlı olmuş, bu zaman qəbirlərə çoxsaylı əşyaların qoyulması lazım bilinməmişdir. Qəbirlərə qoyulan materialların miqdarı və kateqoriyası da görünür dəfn adətinin xüsusiyyətləri ilə bağlı olmuşdur.
Gəncə-Qazax, Qarabağ bölgələrində və digər ərazilərdə Xocalı-Gədəbəy mədəniyyətinə aid yüzlərlə qəbir abidələri arxeoloji qazıntılarla tədqiq edilmişdir. Lakin Baydar kurqanlarının qazıntıları göstərdi ki, o dövrün dəfn adətlərinin elmə məlum olmayan məqamları hələ də mövcuddur. Bölgədə bu mədəniyyətin yaşayış yerlərinin, qəbir abidələrinin və müvafiq olaraq arxeoloji materialların tipoloji təsnifat və müqayisəli təhlil əsasında daha geniş araşdırılması vacibdir.
Nəcəf MÜSEYİBLİ, Tarix elmləri doktoru professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.