Martın 9-da Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA elmi müəssisələrinin Direktorlar Şurasının növbəti iclası keçirildi.
İclası giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər barədə məlumat verdi. Alim öncə AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevin 75 və AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevin 50 illik yubileyləri münasibətilə Rəyasət Heyətinin qərarını xatırladaraq, onları Fəxri Fərmanlarla təltif etdi.
Sonra AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov Akademiyada doktoranturaya qəbulun yekunları haqqında məlumatları diqqətə çatdırdı. AMEA-da doktorantura və dissertanturaya qəbul prosesinin ötən ilin aprel-may aylarından başlanıldığını söyləyən Ə.Sadıqov imtahanların son dərəcə şəffaf ve obyektiv keçirildiyini, uğurlu nəticələrin əldə olunduğunu bildirdi. Onun sözlərinə görə, fəlsəfə doktorluğu hazırlığı üzrə nəzərdə tutulmuş 93 yerə 97 nəfər ərizə vermiş, onlardan 77 nəfəri müsbət qiymət alaraq qəbul olmuşdur. Elmlər doktoru hazırlığı üzrə isə elan olunmuş 41 yerə 31 nəfər qəbul olmuşdur.
Sonra Akif Əlizadə AMEA-nın institutlarında elmi mühazirələrin və xarici dil kurslarının təşkili ilə bağlı çıxış etdi. Alim ingilis dilini öyrənməyin müasir dövrün ən böyük tələblərindən olduğunu vurğulayaraq AMEA institutlarında bu məqsədlə dil kurslarının təşkilinin vacibliyini önə çəkdi. Bildirdi ki, Akademiyada keçirilən beynəlxalq səviyyəli konfranslar zamanı alim və mütəxəssislərimiz öz elmi nəticələrini ingilis dilində təqdim etməyi bacarmalıdır.
A.Əlizadə uzunmüddətli elmi ezamiyyətlər zamanı əldə olunan elmi nəticələr və təcrübələrin hesabat xarakterli broşür şəklində nəşr olunmasının vacibliyini də qeyd etdi.
AMEA prezidenti Akademiyada patent xidmətinin təşkili ilə bağlı məlumat verdi. Bu sahədə təcrübənin kifayət qədər olmadığını vurğulayan alim bildirdi ki, müxtəlif patent sahələrini kateqoriya üzrə yaratmaq lazımdır. Akademiyada bu məqsədlə yaradılmış şöbənin əsas fəaliyyəti də məhz patent xidmətini təkmilləşdirməkdir.
Beynəlxalq elmi bazalarda Azərbaycan elminin reytinq göstəricilərinin analitik təhlili haqqında isə Elm və təhsil idarəsinin Elmi-analitik şöbəsinin rəisi Fail Kazımov çıxış etdi. O, rəhbərlk etdiyi şöbənin fəaliyyətə başladığı gündən böyük uğurlara imza atdığını qeyd etdərək ötən il şöbə tərəfindən elmi proqramların müsabiqəsinin təşkil olunduğunu, elmi bazalardan zəruri məlumatların araşdırıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, AMEA-nın illik hesabatlarında Akademiya bölmələrinin, institut və təşkilatlarının, eyni zamanda hər bir alimin elmi fəaliyyəti araşdırılır və bu barədə AMEA Rəyasət Heyətinə məlumat verilir.
F.Kazımov diqqətə çatdırdı ki, AMEA tarixində ilk dəfə olaraq doktorantlar arasında onların elmi fəaliyyəti, qarşılaşdıqları problemlər və əsas hədəflərinə dair sosioloji sorğu keçirilmiş, 300-ə yaxın doktorant bu prosesdə iştirak etmiş, nəticələr təhlil olunmuşdur. Sorğu nəticələrinin “Elm” qəzetində və AMEA-nın rəsmi saytında dərc olunmasının məqsədəuyğun olduğu vurğulandı.
Məruzəçi, həmçinin dünyanın nüfuzlu elmi bazalarında Azərbaycan elminin reytinq göstəricilərinin analitik təhlili ilə bağlı məlumat verərək orada ümumilikdə ölkə, həm də AMEA üzrə göstəricilərin yer aldığını dedi. Analitik təhlillərin “Scopus” bazasında olan 1996-2014-cü illəri əhatə edən məlumatlar əsasında aparıldığını qeyd edən F.Kazımov Scopusda 1962-ci ildən 2016-cı ilədək AMEA-nın nəşrlərinin elm sahələri üzrə göstəricilərini diqqətə çatdırdı.
Sonra AMEA-da elmi işçilərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı çıxış edən Əminağa Sadıqov bu məsələ ilə bağlı AMEA prezidentinin sərəncamını xatırlatdı. O, Akdemiyada müxtəlif elm sahələri üzrə səmərəli tədqiqat işləri aparan və elmi əsərləri nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan alimlərin sosial müdafiəsini gücləndirmək, onları daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirməyin vacibliyini önə çəkdi. Bu məqsədlə AMEA-nın elmi müəssisə rəhbərləri tərəfindən impakt faktorlu jurnallarda dərc olunan hər bir elmi məqaləyə görə müəllif üçün 100 manat pul mükafatının nəzərdə tutulduğunu qeyd etdi.
Ə.Sadıqov AMEA-nın magistraturasına qəbula hazırlıqla bağlı məlumat verərək, qəbul prosesinin başladığını nəzərə çatdırdı. O, Akademiyada magistratura pilləsinin artıq qanunla rəsmiləşdirildiyini vurğulayaraq bu il 21 ixtisas, 42 ixtisaslaşma üzrə 63 yerin elan olunduğunu dedi. Bu məsələ ilə bağlı AMEA-nın saytında və digər kütləvi-informasiya vasitələrində təbliğat işlərinin aparılmasının vacibliyini qeyd etdi.
AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov elmi müəssisələrin liseylərə himayəçilik etməsi ilə bağlı çıxış etdi. Bildirdi ki, 2013-cü ildən başlayaraq Rəyasət Heyətinin qərarı ilə elm və təhsilin inteqrasiyası istiqamətində ölkənin bir sıra lisey və məktəblərində görüşlərin keçirilməsinə başlanmışdır. Bakının 132-134 nömrəli təhsil kompleksində AMEA-nın dəstəyi ilə “Kiçik Akademiya”lar yaradılmışdır. Onun sözlərinə görə, məktəb və liseylərdə təhsil alan şagirdlərin müxtəlif fənn olimpiadalarında iştirakını təmin etmək də əsas hədəflərdəndir.
F.Qədirov bildirdi ki, bu yaxınlarda akademik Zərifə Əliyeva adına Liseydə istedadlı şagirdlərdən ibarət yaradılmış “Kiçik Akademiya”nın 2 üzvü Qazaxıstanda qızıl və gümüş medallara layiq görülüblər. O, məktəb və liseylərdə təcrübi bazaların yaradılması ilə bağlı AMEA-nın dəstək göstərməsinin zəruri olduğunu qeyd etdi.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev isə Fənlərarası Analitik Mərkəzin işinin təşkili haqqında danışdı. İ.Quliyev AMEA-nın nəzdində olan unikal cihazların istifadəsinin səmərəliyini artırmaq məqsədilə AMEA Rəyasət Heyətinin nəzdində Fənlərarası Analitik Mərkəzin yaradıldığını diqqətə çatdırdı.
Sonda AMEA Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva Alimlər Evinin açılışı ilə bağlı məlumat verərək mərasimin martın 17-də keçiriləcəyini bildirdi. O, bu yaxınlarda Moskva şəhərində ezamiyyətdə olduğunu, Rusiyada oxşar qurumun fəaliyyəti və təcrübəsi ilə ətraflı tanış olduğunu diqqətə çatdırdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.