Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları Sankt-Peterburqda keçirilən “Çoxdalğalı müşahidələr dövründə ulduz fizikası” adlı beynəlxalq konfransda iştirak ediblər.
Konfransa Rusiyanın astronomik təşkilatları ilə yanaşı, MDB ölkələrindən də çoxsaylı alimlər qatılıb.
ŞAR əməkdaşları, professor Nəriman İsmayılov HD 141569 ulduzunun spektral xüsusiyyətləri və Herbiq Ae/Be tipli yeni altsinifi haqqında məruzələr ilə, dosent Həmayıl Adıgözəlzadə isə Herbiq Ae tipli HD 190073 ulduzunun spektrində emissiya xətlərinin periodik dəyişkənliyi haqqında məruzə ilə çıxış ediblər. Bu məruzələrdə professor Nəriman İsmayılov və tələbələrinin son illərdə cavan ulduzların fizikası sahəsində alınmış nəticələri təqdim edilmişdir. Bundan başqa konfransda gənc tədqiqatçı Aysel Rüstəmova CH Cyg ulduzunun fotometrik dəyişkənliyi, dosent Şirin Hüseynov və elmi işçi Sədi Hüseynov Günəş aktivliyi, dosent Sabir Əliyev isə 56 Ari ulduzunun pekulyarlığı haqqında məruzə ilə çıxış ediblər. Bütün məruzəçilər konfransa onlayn formatda qoşulublar.
Qeyd edək ki, ənənəsi 2019-cu ildə Şamaxı Astrofizika Rəsədxanasında qoyulmuş bu konteksdə beynəlxaq konfranslar silsiləsi sonrakı illərdə Rusiyanın Kazan şəhərində, Lomonosov adına Moskva Dövlət Universitetin Astronomiya İnstitutunda və Sankt-Peterburqda keçirilmişdir. Növbəti il Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə artıq 3-cü beynəlxalq konfransın keçiriləcəyi gözlənilir.
“Çoxdalğalı müşahidələr dövründə ulduz fizikası” beynəlxalq konfransına təqdim olunan tezislərlə buradan tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.