Almaniyanın nüfuzlu Yena Fridrix Şiller Universitetində çalışan fiziklər materiyanın xüsusiyyətləri haqda informasiyanı kiçik məsafəyə ötürməyə nail olublar.
Kornel Universitetinin kitabxanasında dərc edilmiş məqalədə qeyd edilir ki, almaniyalı alimlər bu prosesə bir-biri ilə xüsusi şəkildə əlaqəli olan lazer şüalarından istifadə edərək müvəffəq olublar.
Alimlər teleportasiya üçün öncədən müəyyən edilmiş sürətlə fırlanan xüsusi polyarlaşmış lövhələrin köməyi ilə lazer şüalarını bilərəkdən qarışıq salıblar. Daha sonra onlar şüaları “CNOT” məntiqi əməliyyatının işıq variantı sayılan qurğudan keçiriblər və nəticədə bir şüadakı informasiya ikinciyə teleportasiya olunub.
Eksperimentin müəllifləri bildiriblər ki, lazerlər bir-birinə yaxın məsafədə yerləşdiyi halda belə teleportasiya mümkündür. Ancaq mütəxəssislərin fikrincə, bu sınağın uğurlu nəticəsi onu göstərir ki, teleportasiya kvant mikrodünyasının müstəsna xüsusiyyəti deyil, kainat üçün universal hadisədir.