AMEA-nın Dilçilik İnstitutunun Süni İntellekt və Kompüter dilçiliyi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həbibova Qazaxıstanın Almatı şəhərində keçirilən International Conference on Mathematics, Mechanics, Information Technologies (ICMM&IT 2025) konfransında plenar iclasda çıxış edib.
Tədbir Qazaxıstan Milli Universitetinin (KazNU) təşkilatçılığı ilə baş tutub.
Dosent Könül Həbibovanın məruzəsi “Weak Supervision and Snorkel Labeling Functions for Annotating Lexical Markers of Manipulation” mövzusuna həsr olunub. Məruzədə zəif nəzarət (weak supervision) yanaşmasının dilçilik tədqiqatlarında tətbiqi, Snorkel platformasında etiketləmə funksiyalarının işləmə mexanizmləri, həmçinin manipulyasiya göstəricisi olan leksik markerlərin avtomatik annotasiyası məsələləri ətraflı təqdim olunub.
Plenar iclasda təqdim edilən çıxış beynəlxalq alimlərin böyük marağına səbəb olub və müasir dilçilikdə süni intellektin tətbiqi imkanlarını nümayiş etdirib. Məruzə Azərbaycan dilçiliyinin qlobal elmi müstəvidə yeni istiqamətlər üzrə inkişafına töhfə kimi dəyərləndirilib və onun müəllifi Qazaxıstan Milli Universitetinin (KazNU) döş nişanı ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.