Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

01.10.2025 12:00
  • A-
  • A
  • A+

“Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı yeni monoqrafiya nəşr olunub

“Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı yeni monoqrafiya nəşr olunub

Ölkəmizin tanınmış tədqiqatçısı, Zərdabişünas alimi, aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Kooperasiya Universitetinin dosenti Eldəniz Həsənov tərəfindən ilk dəfə qələmə alınan “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı tarixi əhəmiyyət, dərin maraq və aktuallıq kəsb edən üçüncü yeni bir monoqrafiya işıq üzü görüb. Geniş həcmli bu kitab “Zərdabi Nəşr” MMC Nəşriyyat Poliqrafiya müəssisəsi tərəfindən 1000 tirajla, “Azərnəşr”in qrifi və kitabın beynəlxalq standart nömrəsi (ISBN) ilə nəşr edilib.

Eldəniz Həsənov bu kitabı “Əkinçi” qəzetinin naşiri, redaktoru, milli mətbuatımızın, teatrımızın banisi, Azərbaycanın ilk ali təhsilli müəllimi, xalqlar dostluğunun tərənnümçüsü, müsəlman şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas, torpaqşünas alimi, fitri istedad və ensiklopedik biliyə malik, ölkəsinin inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmiş ictimai-siyasi xadim, millət fədaisi Həsən bəy Zərdabinin yaratdığı Azərbaycan Milli Mətbuatının 150-ci ildönümünə həsr edib.

Müəllif bu monoqrafiyasında gərgin zəhmət tələb edən çoxillik tədqiqatlar, əldə etdiyi bilgilər əsasında ilk dəfə olaraq Həsən bəy Zərdabinin ailə üzvlərinin, doğmalarının Tiflis həyatı, onların keçdiyi həyat yolu və yaradıcılıqları barədə məlumat verir. Eyni zamanda, Zərdabinin özünün, ailə üzvlərinin, doğmalarının Tiflis gimnaziyasında təhsil almaları və orada ilk əmək fəaliyyətinə başlamaları tarixi-hüquqi sənədlər əsasında əks olunur.

Kitabda Həsən bəy Zərdabinin və Əlimərdan bəy Topçubaşov kimi işıqlı simaların keçdiyi həyat yolu, qohumluq əlaqələri diqqətə çatdırılmaqla yanaşı, Həsən bəy Zərdabinin böyük qızı Pəri xanım Məlikzadə Zərdabi (Topçubaşova) ilə kürəkəni Əlimərdan bəy Topçubaşovun birgə yaşadıqları Tiflis həyatı işıqlandırılır. Həmçinin kitabda Azərbaycan xalqı ilə gürcü xalqının tarixən dostluq – qardaşlıq münasibətləri, mədəni əlaqələrinin tarixi kökləri barədə hüquqi arxiv sənədlərinə istinad olunmaqla ümumiləşdirimiş şəkildə məlumat verilir.

Professor E.Həsənov eyni zamanda, bu monoqrafiyasında Azərbaycan və gürcü xalqları arasında iqtisadi əlaqələrin təcəssümü olaraq neftin, qazın, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi bir çox layihələrin birgə icra olunmasından söhbət açır.

Yeni nəşr olunan kitab təkcə gürcü və Azərbaycan xalqı üçün deyil, bütövlükdə dünya azərbaycanlıları və digər xalqlar üçün aktuallıq kəsb edən əsər olmaqla, xülasəsi ingilis, rus, gürcü dillərində verilib. Bu da bu elmi-tədqiqat əsərinin tərcümə edilərək gələcəkdə bir çox xarici dillərdə tam şəkildə çap olunmasına zərurət yaradacaqdır.

E.Həsənovun Azərbaycan Milli Mətbuatının 150-ci ildönümünə həsr etdiyi “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı monoqrafiyasının elmi redaktorları AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva, rəyçiləri tibb elmləri doktoru, professor Rauf Ağayev, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Zərdabi İrs Mərkəzinin həmtəsisçisi Nüsrət Məlikov, tədqiqatçı-publisist, hərbi jurnalist, nasir Şəmistan Nəzirli, rəyçi və nəşriyyat redaktoru filologiya elmləri doktoru İslam Sadıqdır.

Zərdabişünaslara, zərdabisevənlərə, alim və ziyalılarımıza yaxşı məlumdur ki, Eldəniz Həsənov Həsən bəy Zərdabinin həyat və yaradıcılığını, elmi irsini, nəsil şəcərəsini və nəsil şəcərəsində əks olunan insanların başına gətirilən faciəli hadisələri, onların keşməkeşli həyat yollarını “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” (Bakı, “Zərdabi LTD” MMC, 2013, 384 s.) adlı əsərində geniş şəkildə işıqlandırıb.

Eləcə də bu monoqrafiyasından öncə qələmə aldığı “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” (Bakı, “Azərnəşr”, 2006, 368 s.) adlı monoqrafiyasında ensiklopedik biliyə malik Həsən bəy Zərdabinin fəhlə və kəndli ideoloqu olaraq xalqına misilsiz tarixi xidmətlərindən söhbət açmışdır. Müəllif torpaq işçisi, yerquruluşçusu kimi Həsən bəyin torpaq məsələləri ilə mütəmadi məşğul olduğunu, ilk torpaq islahatçısı və yerquruluşçusu olmaqla Azərbaycanda onun elmi, metodiki, hüquqi əsaslarını qoyduğunu oxucu kütləsinə, alim və mütəxəssislərin diqqətinə çatdırıb.

Müəllifin Zərdabi irsi ilə bağlı yazdığı hər üç elmi-tədqiqat əsəri böyük aktuallıq kəsb etməklə müxtəlif profilli ali təhsil ocaqlarının tələbələri üçün  dərs  vəsaiti ilə yanaşı,  elmi-tədqiqat sahəsi ilə məşğul olan hər kəs üçün dəyərli bir əsərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: