Türkiyə Cümhuriyyətinin İğdır vilayətinin Mərkəz, Karakoyunlu və Aralıq rayonlarında aparılan Azərbaycan-Türkiyə beynəlxalq arxeoloji ekspedisiyası uğurla yekunlaşıb. Beş illik layihə çərçivəsində həyata keçirilən tədqiqatların ikinci ili məhsuldar nəticələrlə yadda qalıb. Araşdırma AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Türkiyə və Almaniyanın müxtəlif universitetlərindən olan mütəxəssislərin birgə əməkdaşlığı çərçivəsində aparılıb.
Layihə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi, AMEA prezidenti akademik İsa Həbibbəylinin və Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevin dəstəyi ilə həyata keçirilir.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Türkiyə Respublikasının Mədəni İrs və Muzeylər Baş İdarəsinin 19 iyun 2025-ci il tarixli icazəsi əsasında gerçəkləşib. Bu, Azərbaycan arxeoloqlarının digər ölkə ərazisinə təşkil edilmiş ilk beynəlxalq arxeoloji ekspedisiyası olmaqla yanaşı, həm də Azərbaycan və Türkiyə Respublikaları arasında yeni bir ortaq araşdırma istiqamətidir.
Layihənin əsas məqsədi bölgənin arxeoloji irsini sistemli şəkildə öyrənmək, İğdır və Azərbaycan ərazisinin ortaq mədəni proseslərini sənədləşdirmək olub.
Araz çayının hər iki sahilini əhatə edən Azərbaycan–Naxçıvan Arazboyu düzənliyi ilə İğdır ovalarının arxeoloji baxımdan ortaq mədəniyyət bölgəsi təşkil etməsi ekspedisiyanın əsas elmi istiqamətini müəyyənləşdirib. Qazıntıların nəticələri hər iki bölgədə mədəni davamlılığın mövcudluğunu təsdiqləyir.
Tədqiqatlar zamanı Son Xalkolit dövründən başlayaraq Erkən Tunc dövrü (Kür–Araz mədəniyyəti), Orta Tunc, Son Tunc–Erkən Dəmir və Orta Dəmir dövrlərinə (Urartu) aid yaşayış yerləri öyrənilib. Əldə edilən materiallar bu ərazilərdə uzunmüddətli məskunlaşmanın mövcud olduğunu göstərir.
İğdır ərazisində aşkar edilən tapıntılar Azərbaycanın eyni dövrlərə aid abidələrindən əldə olunan materiallarla oxşarlıq təşkil edir. Bu, bölgənin qədim dövrlərdən ortaq mədəniyyət məkanı kimi formalaşdığını sübut edir.
Iğdır düzənliyi Yaxın Şərqin strateji qovşağında – Azərbaycan (Naxçıvan), Ermənistan və İran sərhədlərinin kəsişməsində yerləşərək zəngin arxeoloji irsə malikdir. Ağrı dağının şimal ətəklərində və Orta Araz vadisinin cənub hissəsində yerləşən bu düzənlikdə aparılan araşdırmalar bölgənin minilliklərə uzanan mədəni inkişaf prosesini əks etdirir.
Sahə tədqiqatları zamanı arxeoloqlar yaşayış yerlərinin topoqrafiyasını və memarlıq qalıqlarını sənədləşdirib, keramika məmulatı, obsidian və daş alətlər kimi tapıntıların foto və çertyojlarını hazırlayaraq yerində qeydiyyata alıblar.
Araşdırmalardan sonra tapıntıların rəqəmsallaşdırılması, xəritələşdirilməsi, kataloqların və gündəlik hesabatların hazırlanması laborator şəraitdə davam etdirilib. Tədqiqat ərazilərinin dron vasitəsilə foto və video çəkilişləri aparılaraq arxivləşdirilib.
Tədqiqatçıların fikirincə, bu işlər Azərbaycan və Türkiyə arxeoloqları arasında elmi əməkdaşlığın mühüm mərhələsi olmaqla yanaşı, bölgənin ortaq tarixi-mədəni irsinin araşdırılmasına və qorunmasına töhfə verəcək.
Tədqiqatların növbəti ildə də davam etdirilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.