Təsis edildikləri ilk günlərdən həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də Bakı Dövlət Universiteti ölkəmizin elmi-intellektual potensialının inkişafına xidmət edən əsas mərkəzlər kimi fəaliyyət göstərmişdir.
Bu sözləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə Bakı Dövlət Universitetində AMEA-nın 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Qeyd edib ki, 2025-ci ildə ölkəmizin ali elmi təşkilatı olan AMEA 80 illik yubileyini qeyd edir. O bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamı Akademiyanın fəaliyyətinə göstərilən yüksək dövlət qayğısının və elmin inkişafına verilən dəyərin bariz nümunəsidir.
Arzu İsgəndərzadə diqqətə çatdırıb ki, hələ 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin Akademiyaya verdiyi “Milli” status onun fəaliyyətini yüksək qiymətləndirməsi və AMEA-nın ölkəmiz üçün əvəzsiz bir milli sərvət kimi qəbul edilməsini təsdiqləyir. Bu qərar Akademiyanın həm tarixi, həm də gələcək əhəmiyyətini bir daha ortaya qoyur.
“Keçən müddət ərzində Akademiyanın işi elmin prioritet sahələrində tədqiqatların aparılması, yüksək ixtisaslı kadrların hazırlanması, elmi məktəblərin formalaşdırılması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi prinsipləri üzərində qurulmuşdur. Qeyd etmək lazımdır ki, Bakı Dövlət Universiteti tarixən Akademiyanın elmi potensialının formalaşmasında mühüm rol oynamış, bir çox institutlar və elmi məktəblər üçün əsas kadr bazası olmuşdur. Elm və təhsilin bu qarşılıqlı inteqrasiyası elmi biliklərin inkişafı ilə yanaşı, cəmiyyətimizdə sağlam, müasir və milli düşüncəyə əsaslanan ictimai təfəkkürün formalaşmasına da xidmət etmişdir”, - deyə gənc tədqiqatçı söyləyib.
Vurğulayıb ki, 80 illik fəaliyyəti boyunca AMEA-nın alimləri tərəfindən aparılan tədqiqatlar yalnız ölkəmizdə deyil, eyni zamanda beynəlxalq elmi ictimaiyyətdə də yüksək qiymətləndirilmişdir. Təbiət və dəqiq elmlər, ictimai-humanitar sahələrdə əldə olunan nailiyyətlər Akademiyanın Azərbaycan elminə verdiyi töhfələrin ən bariz nümunələridir.
“Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında Akademiyada əhəmiyyətli yeniləşmə və islahatlar həyata keçirilmişdir. Bu dövrdə AMEA-nın fəaliyyət prinsipləri müasir elmin çağırışlarına uyğunlaşdırılmış, elmi prioritetlər dövlət siyasəti və çağdaş tələblərlə uzlaşdırılmışdır. Bu gün Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar sahələrdə aparılan tədqiqatlarla cəmiyyətin intellektual və mədəni inkişafına töhfə verir. Akademiya öz fəaliyyəti ilə göstərir ki, elmin inkişafı təkcə fərdi bacarıq və çalışqanlıqla məhdudlaşmır, o, həm də kollektiv əməkdaşlıq, təcrübə mübadiləsi, davamlı öyrənmə və biliklərin paylaşılması ilə mümkündür. Hər bir elmi layihə, hər bir tədqiqatın nəticəsi və hər bir beynəlxalq əməkdaşlıq bu prinsipin canlı təsdiqi kimi, yalnız Akademiyanın deyil, bütün Azərbaycan elminin möhkəmlənməsinə xidmət edir” , - Arzu İsgəndərzadə vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.