AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fəl.ü.f.d., dosent Rübabə Şirinova 26-27 avqust 2025-ci il tarixlərdə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İslam Sivilizasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Böyük keçmişin irsi - işıqlı gələcəyin təməli” adlı Beynəlxalq Ekspert Forumunda iştirak edib.
40 ölkədən 200-ə yaxın dünyaca məşhur alim və mütəxəssislərin, o cümlədən Özbəkistan hökuməti, TÜRKSOY, İSESCO, İRCİCA (İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi), Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutu, Oksford Universiteti və digər mühüm beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumun açılış mərasimində alimimiz Əlyazmalar İnstitutunda orta əsr elmlərinin bütün sahələrinə - tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyaya aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə qorunub saxlanılan zəngin və nadir əlyazma kolleksiyalarından bəhs edib. Bildirib ki, institut fondunda saxlanılan materialların 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır ki, onların içərisində ən qədimi X əsrin sonunda tanınmış leksikoqraf İsmail əl-Cövhərinin tərtib etdiyi və 1117-ci ildə avtoqraf nüsxəsindən üzü köçürülmüş klassik ərəb dilinin izahlı ensiklopedik lüğəti sayılan “Əs-sihah” əsəridir.
Tədbir çərçivəsində əməkdaşımız forum iştirakçıları ilə birgə İslam Sivilizasiya Mərkəzinin yaradılmasına həsr olunmuş videoçarxı izləyib, mərkəz üzrə təşkil olunmuş ekskursiyada iştirak ediblər.
Daha sonra forum CIC muzeyinin layihələrinə həsr olunmuş bölmə iclasları ilə öz işinə davam edib. “İkinci Dirçəliş” zalında keçirilmiş 5-ci bölmə iclasında Rübabə Şirinova XIII əsrdə Buxarada anadan olmuş Übeydullah bin Mahmud bin Sədr əş-Şəriə əl-Əvvəlin “Viqayə ər-Rivayə fi məsailil əl-Hidayə” əsəri, bu əsərə yazılan şərhlər, haşiyələr, təliqlər, əsərin türk, fars və rus dilində olan tərcümələri haqqında ətraflı məlumat verib. Bildirib ki, haqqında bəhs etdiyi əsər XV əsrdə Türkiyə qazisi Yusif Dövlətoğlu tərəfindən nəzmlə tərcümə edilərək “Viqayənamə tərcüməsi” adlandırılıb. R.Şirinova həmçinin qeyd edib ki, hazırda transfoneliterasiya edib çapa hazırladığı “Viqayənamə tərcüməsi”nin elmi-tədqiqat müəssisəmizdə qorunub saxlanılan bu nüsxəsi əsərin yeganə avtoqraf nüsxəsi hesab olunur. Alimimizin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb, çıxışçı ona ünvanlanan sualları cavablandırıb.
Bölmə iclaslarından sonra forum iştirakçıları üçün Əlişir Nəvai adına Kino Sarayında “Əmir Teymur və Donna Mariya” filmi nümayiş olunub.
Növbəti gün Beynəlxalq Ekspert Forumunun bağlanış mərasimi keçirilib ki, əməkdaşımız buradakı çıxışında “27 Sentyabr - Anım Günü” şəhidlərini yad edib. O, bu cür mötəbər tədbirdə iştirakına və forumun təşkil edilməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçılarına Özbəkistan milli ornametini özündə əks etdirən ənənəvi naxışlarla bəzədilmiş dekorativ hədiyyələr təqdim olunub. Mərkəzin önündə xatirə fotosu çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.