Akademiya üçün ən çətin vaxtlarda belə Ulu Öndər akademiyanı cəmiyyətdə baş vermiş böhrandan xilas edib və bu elm ocağına Milli Elmlər Akademiyası statusu verib. Müasir dövrdə ölkəmizdə elmin və təhsilin bugünkü inkişafa nail olmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin Azərbaycançılıq siyasətinin əsasında ədəbiyyat, mədəniyyət, o cümlədən elm böyük yer tutub, Heydər Əliyev Azərbaycan elminin dünya miqyasında tanınmasına nail olub.
Bu sözləri oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə Mərkəzi Elmi Kitabxanada (MEK) Yeni Azərbaycan Partiyası ilə birgə keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.
Akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının Azərbaycan elminə, aliminə, ziyalılara, yeni elmi nəslə, Elmlər Akademiyasına dövlət səviyyəsində verilən yüksək qiymətin və böyük ehtiramın ifadəsi olduğunu bildirib. Mühüm tarixi əhəmiyyətə malik sənədin həm də elmin bundan sonrakı inkişafı üçün yol xəritəsi olduğunu, şərəfli tarixi yol keçmiş Akademiyanın gələcək vəzifələrini müəyyənləşdirdiyini söyləyib. O, AMEA-nın kollektivi və ölkə alimləri adından dövlət başçısına dərin minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəyini, onun daxili və xarici siyasətini dəstəkləyəcəyini, dövlətimizin inkişafı və milli maraqlarının qorunması yolunda elmi fəaliyyətlərini inamla davam etdirəcəklərini söyləyib.
AMEA-nın 80 illiyi ilə bağlı müxtəlif formatlarda tədbirlərin təşkil olunduğunu söyləyən akademik İsa Həbibbəyli bu elm məbədinin yubileyinin Qarabağda, Naxçıvanda, Vəcihə Səmədova adına Sərgi salonunda və Bakı Dövlət Universitetində qeyd olunduğunu deyib. Alim ölkə daxilində keçirilən yubiley tədbirlərində əsas məqsədin yeni nəsilləri elmə təşviq etmək, müasir elmi bilikləri təbliğ etmək, elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq olduğunu vurğulayıb.
AMEA-nın tarixində ilk dəfə olaraq Akademiyanın yubileyinin ölkədən kənarda - qardaş Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirildiyini söyləyən akademik İsa Həbibbəyli Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında da AMEA-nın 80 illiyinin qeyd olunduğunu xatırladıb. Həmçinin AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin iştirakı ilə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Minskdə keçirilən yığıncağında bu elm ocağının yubileyinin keçirildiyini bildirib.
Akademik İsa Həbibbəyli AMEA-nın 80 illiyinin Yeni Azərbaycan Partiyası ilə birgə qeyd olunmasının elmi və siyasi cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Azərbaycan dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biridir. Azərbaycanda Akademiya anlayışı yeni hadisə deyil, ölkəmiz bəlkə də dünyada ilk Akademiya yaradan respublikalardan biridir”, - söyləyən AMEA rəhbəri hələ XIII əsrdə azərbaycanlı alim Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanasının və Fəzlüllah Rəşidəddinin Təbriz şəhərində yaratdığı “Rəşidiyyə” mədrəsəsinin mahiyyəti və fəlsəfəsi ilə əsl Elmlər Akademiyası olduğunu bildirib.
O, Azərbaycanda elmin və elm quruculuğunun tarixinə nəzər salaraq, Azərbaycan Milli Elmlər Akademiyasının kökünün 1923-cü ildə yaradılmış Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətindən başladığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun fəaliyyət göstərdiyi 1923-1932-ci illər Akademiyanın başlanğıc mərhələsi, SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi və SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına çevrilməsi proseslərinin baş verdiyi 1932-1945-ci illər Akademiya quruculuğunun hazırlıq dövrü kimi qiymətləndirilir. Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunduğu 1945-ci ildən 1969-cu ilədək keçən dövr Akademiyanın yaranması və elmi-təşkilati əsaslarının formalaşdırılması mərhələsi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi 1969-1982-ci illər ölkəmizdə Akademiya quruculuğunun intibah dövrü, 1983-1993-cü illər isə Elmlər Akademiyasının tənəzzülə meyl və böhran həddinə çatdığı mərhələdir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən yenidən siyasi hakimiyyətə qayıtması ilə AMEA 1993-2003-cü illərdə yenidən təşkilatlanma mərhələsini yaşayıb.
Akademik İsa Həbibbəyli AMEA-nın 80 ildə böyük yol keçdiyini, Azərbaycan dövlətinin inkişafına, Azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsini verdiyini, müxtəlif istiqamətlər üzə elmi məktəblər yaratmış görkəmli alimlər nəsli yetişdirdiyini söyləyib. O, AMEA-nın taleyində və tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan bəhs edərək vurğulayıb ki, Azərbaycan elminə hər zaman həssaslıqla yanaşan dahi lider AMEA-nın inkişaf etməsinə qayğısını heç vaxt əsirgəməyib, bu elmi qurumun fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, onu qoruyub və dilçəldib.
AMEA rəhbəri qeyd edib ki, Akademiyanın ilk yubileyi 1975-ci ildə Sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin müvafiq Sərəncamı ilə Respublika Sarayında keçirilib və AMEA o zamanın ən böyük mükafatlarından biri olan “Xalqlar dostluğu” ordeni ilə təltif olunub.
O, Ulu Öndərin elmə verdiyi yüksək dəyərin göstəricisi olan sözlərini xatırladıb: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.
“Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyən AMEA prezidenti vurğlayıb ki, dövlətimizin başçısının 2010-cu ildə AMEA-nın illik yığıncağında iştirakı və alimlər qarşısında dərin məzmunlu nitq söyləməsi, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələr verməsi bu sahəyə dövlət qayğısının davamlı səciyyə daşıdığını göstərir.
Ölkəmizin qalib lideri, Prezident İlham Əliyevin rəhbərliyi altında 20 ildən artıq dövrü əhatə edən bir müddətdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, AMEA da islahatlar və yenilənmə mərhələsini yaşayır. Dövlətin həyata keçirdiyi müasirləşmə və innovasiya siyasəti nəticəsində ölkəmizdə ənənəvi sahələrin inkişafı ilə yanaşı, IV Sənaye İnqilabının çağırışlarına uyğun genişmiqyaslı layihələrin reallaşdırılmasına şərait yaradılır. Bu proses öz təsirini Akademiyanın elmi mühitində də aydın şəkildə göstərməkdədir.
“Azərbaycan xalqı inanır ki, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanla sülh müqaviləsi imzalanacaq, Zəngəzur dəhlizi açılacaq və Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Azərbaycan xalqı xoşbəxtdir ki, onun arzularını reallaşdıran, qələbə qazandıran İlham Əliyev kimi lideri var”, - deyə akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.