AMEA Azərbaycan elmi tarixində misilsiz xidmətlər göstərərək böyük izlər qoymuşdur. Ölkəmizin alimləri Azərbaycanın bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında, onun sosial-iqtisadi, mədəni və mənəvi inkişafında əvəzsiz rol oynamışlar. Akademiya bu gün də öz üzərinə düşən tarixi missiyanı layiqincə davam etdirir.
Bu sözləri oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə Mərkəzi Elmi Kitabxanada (MEK) Yeni Azərbaycan Partiyası ilə birgə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
Tahir Budaqov bildirib ki, AMEA-nın fəaliyyətinin mühüm istiqamətlərindən biri milli dövlətçilik ideologiyasının elmi əsaslarının formalaşdırılması, azərbaycançılıq məfkurəsinin təbliği və cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsidir. Onun sözlərinə görə, Akademiyanın alimləri, ziyalıları yalnız elmi nailiyyətləri ilə deyil, həm də ictimai düşüncənin formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində böyük məsuliyyət daşıyırlar. Alimlərin fəaliyyəti dövlətin intellektual dayaqlarının möhkəmlənməsinə xidmət edir.
Tahir Budaqov qeyd edib ki, bu gün Azərbaycan dövlətçiliyi, milli ideologiyası və sosial-iqtisadi həyatı baxımından öz tarixinin ən möhtəşəm və qürurverici dövrünü yaşayır: “Azərbaycan bu gün qlobal məkanda özünün intellektual, iqtisadi və siyasi çəkisini artıraraq müasir dövrün çağırışlarına cavab verən dinamik bir ölkəyə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq elmi və siyasi tədbirlərə göstərilən maraq, Azərbaycanın dünya elmi məkanında artan rolu bunun əyani sübutudur. Bu proseslərin iştirakçısı olmaq, müstəqil Azərbaycanın yüksəlişinə şahidlik etmək, hər bir vətəndaş üçün böyük fəxarət və məsuliyyət hissi doğurur. Bugünkü uğurlarımız Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm dövlətçilik təməlindən, Onun siyasi irsindən və Prezident İlham Əliyevin müdrik rəhbərliyindən qaynaqlanır”.
YAP Sədrinin müavini bildirib ki, AMEA uzun illərdir ölkənin elmi-intellektual potensialının simvoluna çevrilib, milli kimliyimizin, azərbaycançılıq ideologiyasının elmi əsaslarının formalaşmasında müstəsna rol oynayıb.
Tahir Budaqov AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, o, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə hər zaman sadiq qalmış, YAP-ın təşkilatlanmasında və ideoloji xəttinin möhkəmləndirilməsində mühüm rol oynamışdır: “Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli AMEA rəhbəri olduğu müddət ərzində YAP sıralarına qoşulan alim və əməkdaşların sayında ciddi artım müşahidə olunmaqdadır. YAP sıralarında təmsil olunan hər bir elm adamı həm milli ideologiyanın daşıyıcısı, həm də cəmiyyətin intellektual nümayəndəsidir”.
YAP Sədrinin müavini vurğulayıb ki, AMEA əməkdaşlarının partiya sıralarına daxil olması partiyanın keyfiyyət tərkibini daha da zənginləşdirməklə yanaşı, həm də elmi fikrin ictimai proseslərdə daha fəal iştirakına şərait yaradır. O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm siyasi addımdır. Onun sözlərinə görə, Azərbaycan alimləri və ziyalıları bu tarixi mərhələdə öz intellektual və mənəvi potensialları ilə dövlətçiliyimizin inkişafına mühüm töhfə vermişlər: “İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfər, ölkəmizin konstitusion hüquqlarının, ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin, əsgərlərimizin rəşadətinin, vətənpərvər alimlərimizin, düşünən beyinlərin milli ideyaya sədaqətinin nəticəsidir”.
Tahir Budaqov çıxışının sonunda AMEA-nın 80 illik yubileyi münasibətilə bütün elm adamlarını təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. O, həmçinin partiya sıralarına yeni qoşulan gənclərə müraciət edərək onları ölkənin elmi-ictimai həyatında fəal iştirak etməyə, milli dəyərlərə və dövlətçiliyə sədaqət prinsiplərini daim uca tutmağa çağırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.