Otman-Bozdaq palçıq vulkanı - Azərbaycanın ən iri və ən fəal palçıq vulkanlarından biridir. O, Bakıdan təxminən 40 km məsafədə, Qaradağ rayonunun Ümid yaşayış məntəqəsi yaxınlığında yerləşir. Vulkan hündürlüyü 400 metr olan konus şəklindədir və onun zirvəsində diametri 300 metr olan vulkan krateri yerləşir. Burada maye palçığı, neft və qaz qarışığını vaxtaşırı püskürən salzalar və qrifonlar fəaliyyət göstərir. Vulkanın dik yamacları dərin yarğanlarla parçalanmışdır. Çoxsaylı püskürmələr nəticəsində yamaclarda uzunluğu bir neçə kilometrə çatan müxtəlif yaşlı güclü palçıq axınları əmələ gəlmişdir. Otman-Bozdaq Bakı və Abşeron yarımadası palçıq vulkanları qrupuna daxil olan Dövlət Təbiət Qoruğunun tərkibinə daxildir.
Məlum olduğu kimi, 2025-ci il oktyabrın 11-də, səhər saatlarında - təxminən 08:30-09:10 aralığında - Otman-Bozdağ palçıq vulkanında növbəti püskürmə baş vermişdir.
Azərbaycan Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşları - c.ü.f.d., dos. Zeynalova Səida, c.ü.f.d., dos. Kərimova Elina və c.ü.f.d., dos. Yunusov Müseib - palçıq vulkanının püskürmə sahəsində müşahidələr aparmışlar.
Aparılmış ilkin müşahidələrə əsasən belə nəticəyə gəlinmişdir ki, 2025-ci il oktyabrın 11-də baş vermiş püskürmə zamanı güclü qaz çıxışı müşahidə olunmuş və bu, xeyli hündürlüyə qalxan alov sütununun yaranmasına səbəb olmuşdur. Lakin atılmış brekçiya materialı vulkan yamacları ilə axan brekçiya axınlarının əmələ gəlməsi üçün kifayət etməmiş, palçıq kütləsi yalnız krater sahəsinin hüdudları daxilində yayılmışdır.
Təəssüf ki, çətin şərait səbəbindən vulkanın kraterinə qalxmaq və müvafiq tədqiqat işlərini aparmaq mümkün olmamışdır.
Vulkanın son püskürməsi 2018-ci ildə qeydə alınmışdır. O vaxt püskürmə zamanı böyük miqdarda brekçiya materialı atılmış və bu material vulkanın cənub-şərq yamacı boyunca bir neçə kilometr məsafəyə, hətta avtomobil yoluna qədər yayılmışdır.
Biz yerli sakinlər arasında kiçik bir sorğu keçirdik. Onların sözlərinə görə, 2018-ci ildə baş vermiş püskürmə zamanı güclü gurultu səsi eşidilmişdir. Lakin bu gün baş verən püskürmə zamanı belə bir səs müşahidə olunmamışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.