Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.10.2025 14:36
  • A-
  • A
  • A+

“Təbiəti sev” adlı ağacəkmə aksiyası keçirilib

“Təbiəti sev” adlı ağacəkmə aksiyası keçirilib

Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada AR Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə “Təbiəti sev” adlı ağacəkmə aksiyası keçirilib. Tədbirin əsas məqsədi məktəblilərdə ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə sevgi və torpağa qayğı hissinin aşılanması olub.

Tədbiri gimnaziyanın direktoru filologiya üzrə fəlsəfə doktoru Tural Mirzəliyev açaraq qonaqları salamlayıb, aksiyanın əhəmiyyətindən danışıb. O, belə tədbirlərin təkcə yaşıllaşdırma aksiyası kimi deyil, həm də gənc nəslin ekoloji düşüncəsinin formalaşmasına xidmət edən maarifləndirici fəaliyyət olduğunu vurğulayıb.

Daha sonra aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Tofiq Sadiqov laboratoriya şəraitində efir yağlı bitkilərdən efir yağının alınması qaydalarından və bu yağların faydalarından bəhs edib. O qeyd edib ki, bu tip aksiyalar təbiətin qorunmasına yönəlməklə yanaşı, şagirdlərdə elmi marağı və təcrübə yönümlü bilikləri də artırır.

Pedoqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Mehriban Qafarova çıxışında biomüxtəlifliyin qorunmasının vacibliyindən, meyvə bitkilərinin ekoloji və iqtisadi əhəmiyyətindən, həmçinin onlara qulluq qaydalarından danışıb.

Biologiya elmləri üzrə fəlsəfə doktoru Elnarə Salahova qlobal istiləşmə, onun ekosistemlərə təsiri, eləcə də Azərbaycanın ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransının əhəmiyyətindən və bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açıb.

Dendrologiya İnstitutunun böyük elmi işçisi İradə Məmmədova tədqiqat bitkiləri olan Adi mərsin (Myrtus communis)Adi ərgüdə (Vitex agnus-castus) növləri barədə geniş məlumat təqdim edib. O, bu bitkilərin ekoloji, dekorativ və müalicəvi əhəmiyyətini iştirakçılara əyani şəkildə nümayiş etdirib.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Mübariz Əliyev ağacəkmə prosesində aqrotexniki qaydalara riayət etməyin vacibliyini vurğulayıb. O bildirib ki, əkilən hər bir bitkinin torpaq tələbi, suvarma rejimi və günəşlə təminat səviyyəsi nəzərə alınmalıdır. Bitkilərin düzgün məsafədə əkilməsi, torpağın yumşaldılması və mütəmadi qulluq tədbirlərinin görülməsi onların sağlam inkişafında mühüm rol oynayır.

Tədbirin sonunda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova təqdimatla çıxış edərək Dendrologiya İnstitutunun məktəblər və ali təhsil müəssisələri ilə birgə həyata keçirdiyi ekoloji layihələrdən, o cümlədən işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində icra olunan yaşıllaşdırma işlərindən danışıb.

Aksiya çərçivəsində gimnaziyanın həyətində müxtəlif növ ağaclar əkilib, yeni bağ sahəsi salınıb. Tədbir zamanı gimnaziyada yeni yaradılmış ekoloji dərnəyə də Dendrologiya İnstitutu tərəfindən dəstək göstərilib və bu əməkdaşlığın davamlı xarakter daşıyacağı vurğulanıb.

Sonda iştirakçılar “yaşıl dünya naminə həmrəylik” çağırışı ilə birgə foto çəkdirib, ətraf mühitin qorunmasına dair birgə əməkdaşlığın önəmini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: