AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova 15-16 oktyabr 2025-ci il tarixlərdə Bakı Avrasiya Universitetində (BAAU) “Tətbiqi və humanitar elmlərin konvergensiyasında süni intellektin rolu: innovasiyaya aparan interdisiplinar yanaşmalar” mövzusunda XI Beynəlxalq konfransda (CASHIPI-25) iştirak edib.
Süni intellekt vasitəsilə tətbiqi və humanitar elmlərin inteqrasiyasını müzakirə etmək, bu istiqamətdə elmi, texnoloji və sosial innovasiyaları təşviq etmək məqsədilə keçirilmiş konfransda əməkdaşımız “Əlyazma əsərlərinin tədqiqində süni intellektin rolu” adlı məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Konfransda, həmçinin BAAU-nun rektoru dosent Səyavuş Qasımovun, Scholar Worldwide təşkilatının direktoru professor Murad Əl Abdullahın, BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayevanın, Ərəbşünaslıq Mərkəzinin elmi rəhbəri dosent Ülviyyə Hüseynovanın və doktor Ahmed Səddamın çıxışları dinlənilib.
Konfrans çərçivəsində iştirakçılar üçün Bakı Avrasiya Universitetini və Scholar Worldwide təşkilatını tanıdan təqdimat videoları nümayiş olunub.
Qeyd edək ki, “Süni intellekt və onun müxtəlif sahələrdə tətbiqləri”, “Humanitar və sosial elmlərin rəqəmsal transformasiyası”, “Multidissiplinar və interdisiplinar tədqiqatlar” və bir sıra istiqamətləri əhatə edən konfrans Bakı Avrasiya Universiteti və Scholar Worldwide (SCHWLAR) təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.