Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.10.2025 11:48
  • A-
  • A
  • A+

Meşə ehtiyatlarının qorunması məqsədilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan bitkilərin yetişdirilməsi

Meşə ehtiyatlarının qorunması məqsədilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan bitkilərin yetişdirilməsi

Meşə ehtiyatlarının qorunması və davamlı idarə olunması məqsədilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan ağac növlərinin yetişdirilməsi vacib məsələlərdən biridir. Bu yanaşma həm təbii meşələrin istismarını azaldır, həm də oduncaq tələbatını daha davamlı şəkildə ödəməyə imkan verir. Tezböyüyən ağacların xüsusiyyəti elədir ki, onları kiçik sahələrdə və hətta məhdud sayda əkməklə də artırmaq mümkündür. Bu məqsədlə mübadilə nəticəsində əldə edilmiş  yeni növ toxum nümunələrinin təcrübəsi aparılmışdır. Müxtəlif əkin mаtеriаllаrı gətirilmiş, tохum vаsitəsilə çохаldılmаsı üsullаrının öyrənilməsi üçün təcrübələr qоyulmuşdur. Növlərin statusunu müəyyən edərkən onların təbiətdəki müasir vəziyyəti, yayılması, bitki qruplaşmasında rolu, iştirakı, yaşı, özünübərpa qabiliyyəti, antropogen faktorların təhlükə dərəcəsi, növün elmi və təsərrüfat əhəmiyyəti nəzərə alınmışdır. Tezböyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan Leucaena  Benth. cinsinə aid  Leucaena leucocephala (Lam.)De Wit., Leucaena pulverulenta (Schltdl.) Benth. növlərinin bioekoloji xüsusiyyətləri, mövsümi inkişaf ritmi, istiyə və quraqlığa davamlılığı, perspektivliyi, introduksiyası  elmi əsaslarla öyrənilmişdir.

Leucaena leucocephala (Lam.) de Wit, Leucaena  pulverulenta (Schltdl.) Benth. növləri subtropik iqlimlərdə geniş yayılan, tez böyüyən, çox məqsədli bir ağac növləridür.Bu növlərdən meşə ehtiyatlarının qorunması və davamlı idarə olunması baxımından istifadəsi son illərdə bir çox ölkələrdə ön plana çıxmışdır.

Leucaena leucocephala (Lam.) de Wit və Leucaena  pulverulenta (Schltdl.) Benth. növlərinin əsas xüsusiyyətləri:

Tez böyümə qabiliyyəti: illik orta böyümə sürəti 2-3 metrə qədər çata bilər. Uyğun iqlim və torpaq şəraitində 5-7 il ərzində tam oduncaq verə biləcək ölçüyə çatır. Yüksək oduncaq keyfiyyəti: sıx və bərk ağac materialına malikdir. Oduncaq kimi istifadəsi-yanacaq, kömür, mebel, kiçik sənaye emalı. Zəifləmiş və eroziyaya uğramış ərazilərdə torpağın bərpasına kömək edir. Kök sistemindəki bakteriyalarla simbiyoz əlaqədə olaraq torpağa azot qazandırır. Bu xüsusiyyət onu torpaq məhsuldarlığını artıran meşə-kənd təsərrüfatı sistemlərində (agromeşə təsərrüfatı) mühüm əhəmiyyət daşıyır.

Leucaena  Benth. cinsinə aid növlərin ətraf mühitə verdiyi töhfə çox yönlüdür. Dərin kök kökü sıxılmış yeraltı təbəqələrin parçalanmasına kömək edir, beləliklə suyun nüfuzunu yaxşılaşdırır və səth axınını azaldır. Şoran yeraltı suyunun səthə çatmasına mane olur. Kontur zolaqlarda yetişən Leucaena leucocephala (Lam.) de Wit və Leucaena  pulverulenta (Schltdl.) Benth. növləri dik yamaclarda eroziya nəzarətə kömək edir.Külək zərərlərinin qarşısını alır, yarpaqlarıdan  yaşıl gübrə  kimi istifadə edilir. Kənd təsərrüfatı məhsulları ilə birlikdə əkilərək torpağın qorunması və məhsuldarlığın artırılması təmin olunur.

Leucaena leucocephala (Lam.) De Wit.,  Leucaena  pulverulenta (Schltdl.) Benth. növlərinin həmişəyaşıl, uzunömürlü, dekorativliyini nəzərə alaraq, meşə bərpa  yaşıllaşdırmada  canlı cəpərlərin salınmasında, tək və qrup əkinlərində geniş  istifadəsi məqsədəuyğundur.  

Aynur HÜSEYNOVA, AR ETN Dendrologiya İnstitutu “Meşə ekosisteməri” laboratoriyasının elmi işçisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: