Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli: “COP29-un yüksək səviyyədə keçirilməsi Azərbaycanın ətraf mühitin qorunmasında liderlik rolunu nümayiş etdirib”
24.10.2025 10:15
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: “COP29-un yüksək səviyyədə keçirilməsi Azərbaycanın ətraf mühitin qorunmasında liderlik rolunu nümayiş etdirib”

Azərbaycana böyük uğurlar gətirən COP29 BMT tərəfindən bugünədək dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin zirvəsində dayanır. Bu mötəbər tədbirin ölkəmizdə yüksək təşkilatçılıqla keçirilməsi Azərbaycanın qlobal miqyasda iqlim dəyişikliyi və ətraf mühitin qorunmasında liderlik rolunu nümayiş etdirib.

Bu sözləri AMEA-da “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” kitabının təqdimat mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.

Akademik İsa Həbibbəyli “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunlarına həsr olunmuş kitabın elmi və siyasi əhəmiyyətini vurğulayıb. O, 2024-cü il ərzində AMEA-da “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı həyata keçirilmiş layihələr, görülmüş işlər, nəşr fəaliyyətləri və qarşıda duran perspektivləri əks etdirən bu nəşri Akademiyanın həm elmi fəaliyyətinin hesabatı, həm də beynəlxalq tədbirin çağırışları fonunda akademik vəzifələri ümumiləşdirən mühüm sənəd kimi yüksək dəyərləndirib.

O, COP29-un ölkəmizdə keçirilməsini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərin nəticəsi olmaqla yanaşı, ölkə başçısının dünya miqyasında artan siyasi nüfuzunun göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, qlobal tədbirin Bakıda XXI əsrin reallıqlarına və çağırışlarına uyğun səviyyədə təşkili Prezident İlham Əliyevin dünya miqyasında xarizmatik liderlik və yüksək idarəçilik məharətini aydın şəkildə meydana qoyub. COP29 Azərbaycanın müasir inkişafını dünyaya əyani şəkildə nümayiş etdirib.

AMEA rəhbəri COP29 tədbirlərində AMEA-nın da yüksək səviyyədə təmsil olunduğunu, alimlərin elmi konfranslarda fəal iştirak etdiklərini söyləyib. O, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-un dünyada baş verən proseslərə yeni üfüq açdığını, geniş müzakirə platforması meydana qoyduğunu bildirib. Əlavə edib ki, COP29 tədbirlərində XXI əsrin ən müasir çağırışlarına cavab verən “yaşıl” iqtisadiyyat, ekoloji tarazlıq, “yaşıl” enerji, ərzaq və qida təhlükəsizliyi, bio- və ekoloji təhlükəsizlik, sağlam ətraf mühit kimi prioritet mövzularda müzakirələr aparılıb, mühüm qərarlar qəbul  edilib.

“Yeni mərhələnin başlanğıcı olan COP29 həm də ümumplanet hadisəsi idi”, - deyən akademik İsa Həbibbəyli bu mötəbər tədbirdə bir sıra ölkələrin dövlət başçılarının, nazirlərin, hökumət rəsmilərinin, Nobel mükafatçıları və digər yüksək səviyyəli rəsmi qonaqların iştirak etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, COP29 yaşıl dünya ilə bağlı çağırışları öyrənmək və növbəti COP tədbirləri üçün böyük təcrübə rolunu oynayıb.

Akademik İsa Həbibbəyli COP29 çərçivəsində sosial-mədəni sahələr, gənclər hərəkatı ilə bağlı ümumdünya miqyaslı tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətlərini xüsusi qeyd edib. O, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqların iştirakıyla COP29-un çağırışları ilə bağlı Bakıda gerçəkləşmiş tədbirlərdə Mehriban xanım Əliyevanın çıxışı, təşkilatçılıq mədəniyyəti və məharətinin mötəbər tədbirin səviyyəsini daha da artırdığını vurğulayıb.

AMEA rəhbəri bildirib ki, qlobal tədbirin Bakıda keçirilməsi təkcə ölkəmiz üçün deyil, bütün Türk dünyası üçün tarixi əhəmiyyət daşıyan hadisə olub. COP29 Bakını dünyanın bu günü və gələcəyi ilə bağlı ən mühüm mövzuların müzakirə ediləcəyi əvəzolunmaz məkana çevirib, ölkəmizin statusunu daha da möhkəmləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: