Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2025-ci il tarixli Sərəncamına əsasən dahi bəstəkar, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
“Üzeyir Hacıbəyli - 140” adlı dəyirmi masada ölkənin bir sıra alim və mütəxəssisləri, mədəniyyət xadimləri, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqı üzvləri, BMA-nın professor-müəllim və tələbə heyəti ilə yanaşı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları da iştirak edib, mövzuya uyğun məruzələrlə çıxış ediblər.
İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədova təqdim etdiyi “Ü.Hacıbəyli və M.Maqomayevin arxivləri haqqında” adlı məruzəsində hər iki bəstəkarın şəxsi arxivində mühafizə olunan materiallar haqqında məlumat verib, çıxışında görkəmli bəstəkarların yaradıcılıq irsinə dair maraqlı faktları diqqətə çatdırıb.
Həmin şöbənin böyük elmi işçisi Aytən İmanova “Ü.Hacıbəyovun ictimai-siyasi fəaliyyətində millilik” adlı məruzəsində şəxsi arxiv materialları əsasında Üzeyir Hacıbəyovun SSRİ Ali Sovetinin deputatı olduğu illərdə Azərbaycan mədəniyyətində milli çalarların qorunması uğrunda mücadiləsindən bəhs edib.
İnstitutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnulla “Əlyazmalar İnstitutunun xəzinəsində musiqiyə aid əlyazma nüsxələri” adlı təqdimat məruzəsində elmi-tədqiqat müəssisəmizdə qorunan, 30-dan artıq musiqiyə aid materiallardan bəhs edib, çıxışında orta əsr əlyazma nüsxələrində həkk edilmiş musiqi alətlərinin rəsmlərindən ibarət miniatürlər, Səfiəddin əl-Urməvi, Əmirxan əl-Gürci, Mir Möhsün Nəvvab, Ağalar Əliverdibəyli və Üzeyir Hacıbəyli kimi müəllifləri məlum olan əlyazma nümunələri haqqında ətraflı məlumat verib.
Dəyirmi masada həmçinin BMA-nın Tədris işləri üzrə prorektoru professor Nərminə Quliyevanın, “Humanitar fənlər” kafedrasının müdiri professor Tərlan Quliyevin, kafedranın dosenti Mehriban Cavadovanın və kafedranın baş müəllimi fil.ü.f.d. Yaqut Quliyevanın çıxışları dinlənilib. Tədbir bədii hissə ilə öz işini yekunlaşdırıb.
Qeyd edək ki, dəyirmi masa Bakı Musiqi Akademiyası (BMA) “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.