Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

26.10.2025 21:30
  • A-
  • A
  • A+

Dosent Faiq Ələkbərlinin çoxcildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub

Dosent Faiq Ələkbərlinin çoxcildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, türkoloq alim, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin çoxcildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” monoqrafiyasının II cildi “Elm və təhsil” nəşriyyatında yenidən nəşr olunub. Kitabın ilk nəşri eyni nəşriyyatda 2014-cü ildə işıq üzü görüb. Kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, prof. Əli Abasov və fəlsəfə elmləri doktoru, prof. Əlikram Tağıyevdir.

Müəllif monoqrafiyanın II cildində, ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətti: 1. İslam-Türk mədəniyyəti və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2. Rus-Avropa-Qərb mədəniyyəti və ideologiyası: qərbpərəstlik, avropasayağı mollanəsrəddinçilik, milli bolşevizm-sosializm, sovet azərbaycançılığı müəyyənləşdirmişdir. Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə və günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, əsərdə müəllifin Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapıb. Özəlliklə, milli ideyaların çağdaş dövrdə nə dərəcədə akutallığı məsələsi araşdırılıb, yeni fikirlər irəli sürülüb. Eyni zamanda, monoqrafiyada milli şüur məsələsi, milli şüurun dini dəyərlər və vətəndaş cəmiyyəti ilə oxşar və fərqli cəhətləri ilk dəfə tədqiqata cəlb edilib.

Monoqrafiyadan fəlsəfə, tarix, politologiya, ədəbiyyat, dilçilik, etnoqrafiya, kulturologiya və başqa elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərin – bakalavrların, magistrlərin, doktrantların, elmi işçilərin, müəllimlərin, eyni zamanda geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: