Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Qədirova Nuray və GAMŞ katibi Nigar Bədəlzadə Avropa-Azərbaycan Məktəbində keçirilən “EcoMind 2025” konfransında iştirak ediblər.
Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə baş tutub.
IDEA İctimai Birliyi və Avropa-Azərbaycan Məktəbi tərəfindən birgə təşkil olunan “EcoMind 2025” konfransı uşaqlar və gənclər arasında ekoloji məsuliyyətin artırılması, təhsil prosesinə ekoloji biliklərin daha geniş inteqrasiyası və “yaşıl düşüncə” tərzinin təşviqi məqsədilə keçirilib.
Bu il ilk dəfə reallaşan tədbirin gələcəkdə ənənəvi platformaya çevrilməsi nəzərdə tutulur. Konfransda 30 universitet, 20 dövlət məktəbi, 21 özəl və beynəlxalq təhsil müəssisəsi olmaqla ümumilikdə 450-dən çox iştirakçı təmsil olunub.
Açılış mərasimində çıxış edən Leyla Əliyeva qeyd edib ki, gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakı, onların ətraf mühitin mühafizəsinə töhfəsi Azərbaycanın davamlı inkişafında mühüm yer tutur.
Konfrans çərçivəsində ekoloji innovasiyalar, iqlim dəyişiklikləri, dayanıqlılıq və ekoloji təhsilin inkişafı kimi aktual mövzular üzrə panel müzakirələri aparılıb. Tədbir iştirakçıları təhsil müəssisələrində ekoloji məsuliyyətin artırılması, gənclərin ekoloji layihələrə və dayanıqlı inkişaf təşəbbüslərinə daha geniş şəkildə cəlb edilməsi barədə fikir mübadiləsi aparıblar.
GAMŞ-ın nümayəndələri konfransda ekoloji maarifləndirmənin gənc alimlər arasında rolu, yaşıllaşdırma təşəbbüslərinin elmi əsasları və müasir təhsil müəssisələrinin ekoloji dəyərlərin təbliğində məsuliyyəti kimi məsələlər üzrə müzakirələrdə iştirak ediblər.
Tədbir zamanı IDEA İctimai Birliyi və Avropa-Azərbaycan Məktəbi tərəfindən həyata keçirilən bir sıra ekoloji proqramlar – ağacəkmə aksiyaları, məktəblərarası ekoloji layihələr, innovativ ekotəhsil təşəbbüsləri və maarifləndirici kampaniyalar təqdim olunub.
“EcoMind 2025” konfransı, ölkəmizdə gənc nəslin ekoloji dəyərlərə marağının artırılmasına, yaşıl düşüncənin formalaşmasına və Azərbaycan Respublikasında “yaşıl iqtisadiyyat” konsepsiyasının dəstəklənməsinə töhfə verən mühüm platforma kimi qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.