Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.11.2025 11:00
  • A-
  • A
  • A+

Professor Kaan Orhan: “80 il adi bir ömür deyil, müxtəlif elmi araşdırmaların yolunda daima çalışan böyük kollektivin və elm məbədinin qürurverici tarixidir”

Professor Kaan Orhan: “80 il adi bir ömür deyil, müxtəlif elmi araşdırmaların yolunda daima çalışan böyük kollektivin və elm məbədinin qürurverici tarixidir”

AMEA-nın 80 illik yubileyi münasibətiölkəmizdə səfərdə olan Ankara Universitetinin rektor yardımçısı, dekan, professor Kaan Orhan AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Orxan bəy, Azərbaycana xoş gəlmisiz! AMEA-nın 80 illik yubileyi tədbirində Sizi görməkdən məmnunluq duyuruq. Tədbir barədə təəssüratlarınızı bilmək istərdik.

- Ankara Universitetinin nümayəndəsi kimi, əvvəlcə, biz, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə dəvət edildiyimiz üçün AMEA rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Bu, həqiqətən də, çox mənalı bir yubiley tədbiridir. 80 il adi bir ömür deyil, bu müxtəlif elmi araşdırmaların yolunda daima çalışan, mübarizə aparan böyük bir kollektivin və elm məbədinin qürurverici tarixidir.

- Ankara Univerisetiti ilə AMEA arasında hansı beynəlxalq elmi əməkdaşlıq əlaqələri mövcuddur?

- Ankara Universiteti olaraq, biz həm təhsil, həm də elmi tədqiqat sahələrində AMEA institutları ilə çox güclü bağlara malikik. Azərbaycan elminin dərin kökləri və güclü elmi-tədqiqat ekosistemi var. Bu münasibətlə, həm əvvəlki, həm də gələcək əməkdaşlıqlar vasitəsilə Azərbaycan elminə daha böyük töhfə verəcəyimizə inanırıq. Eyni zamanda Azərbaycandan gələn alim dostlarımızla birlikdə bu əlaqələri daha da inkişaf etdirməyə çalışacağıq.

Ankara Universiteti 1946-cı ildən fəaliyyət göstərir və biz də, inşallah, gələn il 80 illiyimizi qeyd edəcəyik. Universitetimiz bütün sahələrdə köklü elmi araşdırmalara malikdir.

- Bəs, Azərbaycanla əlaqələrinizdə hansı gələcək planlarınız var?

- Azərbaycan bizim üçün doğmadır. Artıq mənim bu gözəlliklər diyarına yeddinci səfərimdir. Hazırda Ankara Universitetinin Diş həkimliyi fakültəsinin dekanıyam. Bir çox azərbaycanlı həkim dostlarımız bizim universitetin məzunlarıdır. Onların bir qismi Türkiyədə ixtisaslaşıb geri qayıdaraq burada xidmət göstərir. Buna görə də hər il həm onlarla birgə tədbirlər təşkil edirik, həm də Azərbaycana gəlmək fürsəti tapırıq. Son illər Azərbaycanın möhtəşəm qələbə nailiyyətləri bizə qürur verir, sevinc bəxş edir. İnşallah, növbəti səfərimiz rektorumuzla birlikdə Şuşaya və Xankəndinə olacaq və Qarabağ Universiteti ilə protokol imzalayaraq elmi əməkdaşlığa başlamağı planlaşdırırıq.

- Sonda, Akademiyanın 80 illik yubileyi Sizdə hansı təəssürat yaratdı?

- Bu, həqiqətən də, çox qürurverici hadisədir. Həm Azərbaycan xalqı, həm də bütün türk xalqları adından böyük sevinc hissi keçiririk. Bildiyiniz kimi, biz iki qardaş dövlətik, yəni bir millət, iki dövlətik! Bu 80 il ərzində qazanılmış elmi nailiyyətlərin arxasında dayanan alimlərin elmi məktəbinin yetirmələrinin təltif olunması sevindirici hadisədir. Türkiyədən, Ankara Universitetindən gələn alimlər olaraq bu tədbirdə iştirak edib, AMEA rəhbərliyi başda olmaqla bütün elm adamlarını bu yubiley münasibətilə bir daha təbrik edir, gələcək nailiyyətlərində uğurlar diləyirik! 

 - Müsahibə üçün təşəkkür edirik.

Müsahibəni apardı:

Sərvan Kərimov,  AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin baş mütəxəssisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: