Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Sultan Rayev: “Fikrimcə, Azərbaycan Milli Elmlər Akademiyası postsovet məkanında, Türk dünyasında və ümumiyyətlə, bütün dünyada mövcud olan avanqardlardan biridir”
05.11.2025 16:45
  • A-
  • A
  • A+

Sultan Rayev: “Fikrimcə, Azərbaycan Milli Elmlər Akademiyası postsovet məkanında, Türk dünyasında və ümumiyyətlə, bütün dünyada mövcud olan avanqardlardan biridir”

Bildiyimiz kimi, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli tədbirlər keçirilir. Yubiley tədbirlərində iştirak edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi və Xalq yazıçısı Sultan Rayev öz təəssüratlarını bizimlə bölüşüb.

- Hörmətli Sultan müəllim, Sizi Bakıda görməkdən olduqca məmnunuq. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Azərbaycan Milli Elmlər Akademiyası ilə hansı sahələrdə əməkdaşlıq edir?

- Azərbaycan Milli Elmlər Akademiyası bizim mənəvi tərəfdaşımızdır, biz mütəmadi olaraq mədəniyyət, ədəbiyyat, irs sahələrində müştərək layihələr həyata keçiririk. Baş tutan birgə təşəbbüslərdən Bəxtiyar Vahabzadənin yubileyi, Nizami Gəncəviyə həsr olunmuş tədbirləri sadalamaq olar. Həmçinin əməkdaşlığın bir istiqaməti də tarix-memarlıq abidələridir.

Bundan əlavə, layihələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, Qarabağ bölgəsində həyata keçirilir. Burada bərpa və yenidənqurma işlərinə dəstək veririk.

AMEA ilə humanitar sahədə də əməkdaşlıq əlaqələri genişlənir. Biz artıq AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Azərbaycan alimlərinin iştirakı ilə bir neçə birgə humanitar forum keçirmişik. Bir sözlə, biz hər zaman bir-birimizlə əlaqə saxlayırıq.

- Yubiley münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasına arzularınız.

- Fikrimcə, Azərbaycan Milli Elmlər Akademiyası postsovet məkanında, Türk dünyasında və ümumiyyətlə bütün dünyada mövcud olan avanqardlardan biridir. Bilirik ki, burada dünya elmində silinməz izlər buraxan, elmin və bütün bəşəriyyətin inkişafına böyük töhfələr verən görkəmli alimlər işləyib. Elmlər Akademiyasına gələcək uğurlar və yeni nailiyyətlər arzulayıram.

- Gələcəkdə iki qurum arasında hansı istiqamətlərdə əməkdaşlığı daha perspektivli hesab edirsiniz?

- AMEA ilə gələcək əməkdaşlıq ədəbi və mədəni irsin öyrənilməsi sahəsində davam etdiriləcək. Həmçinin qeyd edim ki, hazırda biz petroqliflərə dair böyük layihə üzərində işləyirik. Hesab edirəm ki, petroqliflər insan dühasının ilk yaradıcılıq sahələrindən biridir, faktiki olaraq, petroqliflər türk xalqlarının ortaq köklərinin nə dərəcədə dərin olduğunu sübut edən təsviri sənətin təməllərindən biridir. Əcdadlarımızın yaratdıqları qayaüstü rəsmlər bütün dünyada geniş müzakirə edilir. Bu gün petroqliflərin müasir texnologiyalar vasitəsilə öyrənilməsi, onların elmi şərhi böyük aktuallıq kəsb edir, çünki petroqliflər sakral, mənəvi məna daşıyır. Həmçinin nəzərə əlmaq lazımdır ki, petroqliflər zamanla deformasiyaya məruz qalır. Buna görə sözügedən abidələrin konservasiyasına dair tədbirlər də böyük əhəmiyyət kəsb edir.

Biz altıcildlik üzərində işləyirik, nəşrin hər cildi türk dünyasının bir ölkəsinin petroqliflərinə həsr olunacaq. Bu, yalnız türk dünyası üçün deyil, ümumbəşəri əhəmiyyəti ilə fərqlənən genişmiqyaslı layihədir. Bizim tərəfdaşlarımız əsasən elmlər akademiyaları, o cümlədən də AMEA-dır. Elmi qurumların rəhbərləri artıq layihədə iştiraklarını təsdiqləyib. Sözügedən təşəbbüs TÜRKSOY-un və Türk dünyasının elmlər akademiyalarının bu məsələnin öyrənilməsinə dəyərli töhfəsi olacaq.

Müsahibəni apardı:

Nəzmin CƏFƏROVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: