Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak edən Özbəkistan Respublikasının Elmlər Akademiyasının prezidenti akademik Şavkat Ayupov öz təəssüratlarını bizimlə bölüşüb.
- Hörmətli Şavkat müəllim, Sizi Bakıda görməkdən olduqca məmnunuq. Özbəkistan Respublikasının Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası ilə hansı sahələrdə əməkdaşlıq edir?
- Bu gün akademiyalarımız arasında möhkəm və səmərəli əlaqələr qurulub. Biz folklorşünaslıq, filologiya, təbii birləşmələr kimyası, tibb, şərqşünaslıq, ictimai elmlər sahələrində uğurla əməkdaşlıq edirik.
Xüsusilə Özbəkistan EA-nın Özbək dili, Ədəbiyyat və Folklor İnstitutu və AMEA-nın Folklor İnstitutu, həmçinin Xarəzm Mamun Akademiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında sıx əməkdaşlıq əlaqələrini qeyd etmək istəyirəm.
- Yubiley münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasına arzularınız.
- Özbəkistan Elmlər Akademiyası və şəxsən öz adımdan Azərbaycan Milli Elmlər Akademiyasını bu gözəl yubiley münasibətilə ürəkdən təbrik edirəm. Alimlərinizi bu münasibətlə dövlətinizin başçısı şəxsən təbrik etdi. Bu, ölkə rəhbərliyinin elm və təhsilə olan münasibətinin əyani göstəricisidir. Qeyd edim ki, bu münasibətdən çox şey asılıdır. Azərbaycanlı həmkarkarım üçün çox şadam.
Qoy Azərbaycan elmi, xalqlarımız arasında dostluq çiçəklənsin! İnanıram ki, xalqlarımız arasında qardaşlıq və dostluq əlaqələri Azərbaycan və Özbəkistanın elmi potensialının gələcək inkişafına xidmət edəcək.
- Gələcəkdə iki qurum arasında hansı istiqamətlərdə əməkdaşlığı daha perspektivli hesab edirsiniz?
- Gələcəkdə bizi memorandumların imzalanması, birgə elmi nəşrlərin hazırlanması, təcrübə proqramlarının həyata keçirilməsi və gənc tədqiqatçılar mübadiləsi üzrə yeni müştərək addımlar gözləyir. Əminəm ki, əməkdaşlığımız daha da möhkəmlənəcək və hər iki ölkə üçün böyük nailiyyətlərlə yadda qalacaq.
Müsahibəni apardı:
Nəzmin CƏFƏROVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.